İranda prezident seçkisi:“Ən şanslısı İbrahim Rəisidir”

İyunun 18-də İranda 13-cü prezident seçkiləri keçiriləcək. Mayın 28-dən başlayaraq namizədlər təbliğat kampaniyası aparırlar. Təbliğat kampaniyası iyunun 16-dək davam edəcək. İyunun 17-də sükut günü olacaq, növəbti gün isə seçkilər baş tutacaq.
İranda 59 milyon 310 min 307 nəfər səsvermə hüququna malik insan var. Onlar ölkə üzrə 72 min səsvermə məntəqəsində seçkilərdə iştirak edə bilərlər.

Politoloq Sədrəddin Soltan İranda seçkilərin nəticəsi barədə proqnozlarını “Sherg.az”la bölüşdü: 

“Yeddi namizəddən ən şanslısı İbrahim Rəisidir. O, hakimiyyətə ən yaxın siyasi fiqurdur. Həmçinin Ayətulla Seyid Əli Xamneyin ən yaxın adamıdır. Buna görə də hakimiyyətin dayaqları, o cümlədən mühafizəkar xətt məhz onu dəstəkləyir.

Həmçinin tutduğu vəzifə İbrahim Rəisi üçün əlavə avantajdır. İranda 60 milyon seçicinin böyük əksəriyyəti seçkilərə əhəmiyyət vermir.

Çünki əvvəlki illərdə müqayisədə bu dəfə qızğın debatlar, müzakirələr olmadı. Siravi seçicilər seçkilərə gəlməsə belə, güc strukturlarının əməkdaşlarının iştirakı ilə seçkilər keçiriləcək. Məlum olduğu kimi, həmin şəxslər də mühafizəkar xəttin tərəfdarlarıdırlar.

Bu da Rəisinin şanslarını artırır. Düzdür, insanlar onu çox sevmirlər, amma rejim məhz adını çəkdiyim namizədin tərəfindədir. Böyük ehtimalla İbrahim Rəisi prezident seçiləcək”.