Yeni kadrların bilikləri az olacaq


Təhsilini başa vurmuş şəxslər mütləq dövlət imtahanından keçməlidir

Bu il Azərbaycan universitetlərində bakalavr pilləsinin dördüncü kursunda təhsil alan tələbələr buraxılış işindən azaddır. Bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib. Bu qərar özəl universitetlərdə təhsil alan tələbələrə də şamil edilir. Bəs yeni qərarın kadr hazırlığına hansı təsirləri olacaq?

Suallarımızı cavablandıran təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında qeyd edib ki, yeni qərar kadrların əmək bazarına az biliklərlə daxil olmasına gətirib çıxaracaq. Təhsil eksperti hesab edir ki, ali təhsilini başa vurmuş şəxslər mütləq şəkildə imtahan prosesinə cəlb olunmalıdırlar:

"İlk növbədə qeyd edim ki, pandemiya şəraitində tələbələr mövzuları müəyyən qədər zəif mənimsəyiblər. Buna görə də dövlət imtahanının keçirilməməsi kadrların əmək bazarına az biliklərlə daxil olmasına gətirib çıxaracaq. Qeyd edim ki, dünya təcrübəsində dövlət diplomu verdiyi şəxslərin bilik və bacarıqlarını mütləq şəkildə yoxlayır. Ancaq bu qərarın verilməsi onların az biliklərlə universitetləri bitirmələrinə səbəb olacaq. Çünki birmənalı şəkildə bilirik ki, keçirilən dövlət imtahanları zamanı tələbələr 4 il ərzində onlara keçirilən mövzuları ciddi şəkildə təkrarlayırdılar. İndi isə onlar bu imkandan tamamilə məhrum oldular. Ümumiyyətlə, fikrimcə, birmənalı şəkildə ali təhsilini başa vurmuş şəxslər mütləq şəkildə imtahan prosesinə cəlb olunmalıdırlar".