Yenə biz qazandıq

Daha Ermənistan yalanlarını təkrarlaya bilməyəcək

İlk mina xəritəsinin Azərbaycana təhvil verilməsi ilə biz beynəlxalq aləmin minalar mövzusuna diqqətini artırmış olduq

İyunun 12-də Azərbaycanda saxlanılan 15 nəfər erməni hərbçisi Ağdam rayonu ərazisindəki minalı sahələrin xəritəsi müqabilində Ermənistana qaytarılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən vurğulanıb ki, əldə edilmiş razılığa əsasən, Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində, saxlanılan 15 nəfər erməni Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Mübadilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Filip Rikerin fəal dəstəyilə həyata keçirilib:

“Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik. Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək”. Məlumdur ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinə və beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritəsini almaq üçün müraciət etsə də, Ermənistan birmənalı şəkildə həmin xəritələri verməkdən imtina edirdi. Nəticədə atəşkəs dövründə onlarla Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və yaralanmışdı. Qeyd edək ki, iyunun 12-də xarici ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərini qəbul edərkən Azərbaycan Prezidenti demişdi ki, Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək. 

15 erməni diversantın Ağdam rayonunda basdırılan minaların xəritələrinə dəyişdirilməsi prosesini Gürcüstanın vasitəçiliyi ilə Qərb həyata keçirdi. Təsadüfi deyil ki, proses ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Rikerin Tiflisdən başlayan, Bakı və İrəvanda davam edən və yenidən Tiflisə qayıtmaqla tamamlanan Cənubi Qafqaz turnesinin tam yekununda reallaşdı. Bu yaxınlarda Rusiya Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən demişdi ki, “Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq”. Buna baxmayaraq, Xarici İşlər Nazirliyinin bəyanatına təkcə ATƏT, ABŞ və Gürcüstanın adları çəkilib, humanist addıma görə Rusiyanın rol oynadığına işarə edilməyib. Bu, Rusiyanın və Ermənistan ordusunun daxilində olan rusiyayönümlü qüvvələrin heç də arzuladığı proses deyil. 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili özünün feysbuk səhifəsində yazıb:

“Şadam ki, mənim aktiv dəstəyim və bizim strateji partnyorumuz, ABŞ Dövlət katibinin köməkçisi Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi 15 Ermənistan vətəndaşını azad etdi, onlar öz ailələrinə Gürcüstan vasitəsilə qovuşdular”. 

Öz növbəsində ABŞ-ın Dövlət katibi Entoni Blinken “Twitter” səhifəsində qeyd edib ki, ABŞ Azərbaycanın 15 ermənini azad etməsini alqışlayıb: “Biz Gürcüstan hökumətinə tərəflər arasında danışıqlara kömək göstərilməsində həyati vacib roluna görə təşəkkür edirik. Belə addımlar regionun xalqlarını layiq olduqları dinc gələcəyə yaxınlaşdırır”. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında Azərbaycanın mina xəritələri müqabilində 15 ermənini azad etməsi xəbərini yayaraq qeyd edib: “Çoxdan gözlənilən xoş xəbər. Tərəflərin bu cür addımlarını alqışlayırıq”. 

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də kənarda qalmayıb: “Azərbaycan və Ermənistanın paralel humanitar jestlərini - tutulanların buraxılmasını və minalanmış ərazilərin xəritəsinin verilməsini alqışlayıram”. O, Twitter səhifəsində vurğulayıb ki, Avropa İttifaqı bu prosesi dəstəkləyib və proqresin tezləşməsi üçün köməyini təklif etməyi dayandırmayacaq. 

Gürcüstan baş nazirinin müavini, Xarici işlər naziri David Zalkaliani brifinqdə deyib ki, Gürcüstan bölgədə sülhməramlı rolunun ilk konkret nəticəsinə nail olub. Onun sözlərinə görə, müstəqilliyin bərpasından sonra Gürcüstanın bütün hakimiyyətləri regionda sülhməramlı rolunu öz üzərlərinə götürməyə çalışıblar. O bildirib ki, Azərbaycan və Ermənistan arasında iyunun 12-də əldə olunan humanitar razılaşma bu cəhdlərin ilk konkret nəticəsidir: “Tbilisinin Cənubi Qafqazda vasitəçiliyi qlobal təhlükəsizlik kontekstində, yeni geosiyasi mühitdə Gürcüstanın rol və funksiyasını prioritet mövzuya çevirməyə yönəlib”.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin regiona səfəri zamanı Ermənistanın Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atəşə tutması da bu məqamda diqqətdən qaçmamalıdır. Azərbaycan da Rikerin səfəri zamanı sərhəd probleminin dərinləşməməsi üçün əlindən gələni edirdi.

Başqa sözlə, rəsmi Bakı Rikerin regiona səfərinin nəticə verməsinə öz töhfələrini əsirgəmədi. 8 iyunda Laçın istiqamətində sərhədlərimizə daxil olan erməni əsgər dərhal geri verildi. Bu, erməni ordusunun daxilində rusmeyillilərin aparılan qapalı danışığın nəticəsini pozmaq üçün dağıdıcı fəaliyyətini heçə endirmək istiqamətində Bakının ən ciddi gedişi sayıla bilər. Bunun ardınca Ermənistanın Kəlbəcər istiqamətində sərhəddə açdığı atəşə də Azərbaycan Ordusu olduqca təmkinli münasibətlə reaksiya göstərdi. 

Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan da tərəflər arasındakı mübadiləyə münasibət bildirib. O deyib ki, 2020-ci ilin dekabrında xəritə mübadiləsinin olduğunu deyib: “Bu mövzuda müzakirələrin sonrakı mərhələsinə hazırıq. Minalanmış ərazilərin təhvil verilən xəritəsi minalanmış ərazilərin xəritəsinin kiçik bir parçasıdır. Qeyd etmək istəyirəm ki, dekabr ayında da analoji mübadilə etmişik və bunlar Ermənistanla Azərbaycanın mövqelərini ayıran ərazilərin xəritələri deyil, Azərbaycanın nəzarətindəki minalanmış yerlərin xəritələridir”. 

Siyasi şərhçilərin sözlərinə görə, ilk mina xəritəsinin Azərbaycana təhvil verilməsinin aşağıdakı nəticələri ola bilər. Birincisi, bu yolla biz beynəlxalq aləmin minalar mövzsusuna diqqətini artırmış olduq. Bundan sonra Ermənistan “bizdə minalanmış ərazilərin xəritələri yoxdur” yalanını təkrarlaya bilməyəcək. Bu, informasiya müharibəsində xeyrimizə işləyəcək. İkincisi, parlament seçkisi öncəsi Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 15 ermənini geri qaytarmaqla az da olsa reytinqini artırmağa müvəffəq olacaq. O, bundan sonrakı mitinqlərdə “qalan erməni əsirləri də geri qaytaracam” tipli açıqlamalar verəcək.

Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu “Şərq”ə bildirib ki, Ağdam üzrə minalanmış ərazilərin xəritəsinin təqdim olunması bir daha nümayiş etdirdi ki, həqiqətən də, Ermənistanın davranışları siyasi blefdən başqa bir şey deyildi. Deputatın sözlərinə görə, Ermənistan Azərbaycanın güc mövqeyini qəbul edir və bundan sonra heç vaxt dəyişməyəcək yeni siyasi-hərbi reallıqların fərqindədir:

“Bu isə əminliklə deməyə əsas verir ki, proqnozlaşdırdığımız kimi, Ermənistan Azərbaycanın güc mövqeyinin təsiri və diktəsi ilə müəyyənləşdirilmiş bütün şərtlərə əməl edəcək. Siyasi bleflər isə seçkiöncəsi daxili auditoriyaya hesablanıb. Ümumiyyətlə, Ağdam üzrə minalanmış ərazilərin xəritəsinin qaytarılması bir sıra daha konkret siyasi mülahizələrin irəli sürülməsinə əsas verir. Birincisi, Ermənistan tərəfi əmin oldu ki, qarşısındakı əvvəlki Azərbaycan deyil və heç vaxt olmayacaq. Azərbaycana qarşı törədilən istənilən təxribatın qarşısı qətiyyətlə alınır. Birgə Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində təxribatçıların, terrorçuların çevikliklə zərərsizləşdirilməsi bunu aydın sübut edib. İkincisi, Ermənistanın saxta informasiya maşını artıq yararsızdır. Çünki birgə Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində zərərsizləşdirilmiş təxribatçıların hərbi əsirlər kimi təqdim olunması cəhdləri fiaskoya uğradı. Prezident İlham Əliyevin dünyanı intensiv məlumatlandırması bu istiqamətdə də mütləq qələbəmizi təmin etdi. Bəzi əhəmiyyətsiz istisnaları çıxmaq şərti ilə “hərbi əsirlər” ifadəsini işlətməklə heç bir subyekt Azərbaycana müraciət etmədi və tövsiyə vermədi”. 
Parlament üzvünün fikrincə, Ermənistanın məhz Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsini təqdim etməyə məcbur olması proseslərin Azərbaycanın iradəsinə uyğun cərəyan etdiyinin növbəti göstəricisidir: “15 erməni terrorçunun təhvil verilməsi müqabilində on minlərlə vətəndaşımızın, minatəmizləyənlərin həyatını xilas etmiş olduq. Bundan sonrakı mərhələdə ərazidə yenidənqurma işlərini və məskunlaşdırmanı daha sürətlə və təhlükəsizlik şəraitdə həyata keçirmək mümkün olacaq. Təkcə Ağdam üzrə ümumilikdə 97 min minanın koordinatlarının verilməsi Ermənistanın əsl terrorçu dövlət olduğunu bir daha sübut edir. Bu faktın özü də informasiya müstəvisində Azərbaycanın haqlı mövqelərini daha da möhkəmləndirir. Ermənistanın isə neqativ beynəlxalq imicini daha da korlayır”.

Siyasi şərhçi Turan Rzayev isə “Şərq”ə bildirib ki, parlament seçkisi öncəsi Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın 15 erməni diversantını geri qaytarması onun reytinqinin yüksəlməsinə təsir edəcək. Onun sözlərinə görə, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin Cənubi Qafqaz ölkələri, Gürcüstan, Azərbaycan və Ermənistana səfəri uğurla yekunlaşdı:

“Rikerin səfəri nəticəsində rəsmi Bakının üzun müddətdir Ermənistandan tələb etdiyi minalanmış ərazilərin xəritəsinin bir qismi, daha dəqiq desək, Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr Azərbaycan tərəfinə təqdim edildi. Bunun müqabilində isə rəsmi Bakı saxlanılan 15 nəfər erməni diversantını Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verdi. Rikerin Cənubi Qafqaz ölkələrinə səfəri Gürcüstanda başladığı kimi Gürcüstanda da bitdi.

Onun Cənubi Qafqaz ölkələrinə səfəri Vaşinqtonun Kremlə həm Ermənistan, həm Gürcüstan, həm də Azərbaycan baxımından ciddi zərbə vurması ilə yekunlaşdı. Onsuz da qərbyönümlü bloka rəhbərlik edən Paşinyan bununla Vaşinqtonun həm Ermənistan, həm də Azərbaycanı razı salan bu təklifindən maksimum faydalanmağa çalışacaq. Xüsusilə də seçkilərdə Qərbin Ermənistan üçün tək xilas yolu olduğu və mövcud sərhəd problemlərinin ABŞ vasitəçiliyi ilə həll edilə biləcəyi düşüncəsini erməni ictimaiyyətinə daha da qəbul etdirməyə çalışacaq. İkincisi, razılaşmaya görə, 15 nəfər erməni diversant Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Vaşinqton bununla rəsmi Tiflisin Cənubi Qafqazda onun gözü, qulağı olduğu mesajını verir. Düşünürəm ki, bu,  Gürcüstanın regionda nüfuzunun artmasına hesablanmış bir addım idi”. Analitikə görə, Vaşinqton bu razılaşma ilə bəlkə də imkansız sayıla biləcək bir işi gördü, rəsmi Bakının etimadını qazandı: “Məsələ ondadır ki, Azərbaycan hər zaman Vaşinqtona məsafəli olub və bunun haqlı səbəbləri də var. ABŞ-ın Birinci Qarabağ müharibəsi zamanı haqsız yerə Azərbaycana qarşı qəbul etdiyi 907-ci düzəliş rəsmi Bakının bu ölkəyə qarşı güvənini sarsıtmışdı. Digər tərəfdən, ABŞ-ın dünya üzərindəki münaqişələrə müdaxilə üsulları və destruktivliyi Azərbaycanı da bu ölkəyə qarşı məsafəli olmağa vadar edib. Rəsmi Bakı bundan sonra Vaşinqtonun prosesə yaxından iştirak etməsinə isti baxa biləcəyi mesajını verdi”.