Soydaşlarımız Vətənə gələ bilmirlər

Ölkəyə giriş-çıxış sadələşdirilməlidir

Hava limanında nə qədər insanlar incidilir, əsəblər tarıma çəkilir

"Hava limanında tibbi məntəqə var. Pilotlar, personal orada fasiləsiz tibbi müayinədən keçir. Həmin tibb məntəqəsində koronavirus testinin aparılması üçün kiçik laboratoriya təşkil etmək olar"


Vaksinasiya prosesinin sürətlənməsi, karantin qaydalarına edilən yumşalmalar hava məkanının açılmasına da müsbət təsir etdi. Türkiyə və Rusiya vətəndaşlarının hava yolu ilə ölkəyə giriş-çıxışına tətbiq edilən məhdudiyyətlər artıq aradan qaldırılıb. Bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun açıqlaması var. DMX rəisi qeyd edir ki, hava yolu ilə giriş-çıxış üçün yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportu (tam peyvənd olunmasını və ya sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsi, yaşı 18-dən aşağı olan şəxslərdən isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi tələb olunur.
Xidmət rəisi vurğulayıb ki, quru yolu ilə ölkəyə giriş-çıxışa olan məhdudiyyətlər aradan qaldırılmadığı üçün ölkə ərazisində müvəqqətiolma müddəti 60 gün uzadılmış (müvafiq dövlət rüsumu ödənilməklə) əcnəbilərin ölkəni tərk etməsi tələb olunmur.

Pandemiya bitmədiyindən yoluxma təhlükəsi nəzərə alınaraq hansısa şərtlərin tətbiqi, sənədlərin tələb olunması təbii qarşılanmalıdır. Lakin məsələ hava yolu ilə ölkəyə gələn azyaşlılardan da koronavirus testinin tələb olunmasıdır. Məlumdur ki, azyaşlıların peyvənd olunması Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə daxil deyil. Peyvəndləmədə ancaq 18 yaşdan yuxarı vətəndaşlar iştirak edir. Uşaqların başqasını yoluxdurma riski də hələ tam müəyyənləşməyib. Belə olduğu təqdirdə uşaqlarla bağlı uçuşdan 72 saat əvvəl COVİD-19 testinin neqativ nəticəsinin qeyd edildiyi sənədin tələb olunması nə dərəcədə doğrudur? Belə bir tələb əhali üçün əlavə problem yaradacaq.


Ölkəyə gələn vətəndaşlardan hava limanında müxtəlif sənədlərin tələb olunması da insanları səfər fikrindən döndürməyə yetərlidir. Müasir insan sənədlərlə “uğraşmağı” sevmir. Belə olan halda tələblər ölkəyə gələn əcnəbilərin sayına da mənfi təsir göstərə, o cümlədən turizm potensialını zərbə altında qoya bilər. Bir də ki, peyvənd olunmuş şəxs təkrar yoluxa bilirsə, deməli, başqasını da yoluxdurma ehtimalı var. O zaman bu sənədlər niyə tələb olunur?      

AZAL-ın sabiq prezidenti Ədalət Əliyev “Şərq”ə açıqlamasında Türkiyə və Rusiya vətəndaşları üçün hava yoluyla ölkəyə giriş-çıxışın açılmasından danışarkən bir məqama diqqət çəkdi: 

- Nəzərdən qaçırmamalıyıq ki, “Türkiyə və Rusiya vətəndaşları” deyiləndə, ilk növbədə bu ölkələrdə yaşayıb işləyən soydaşlarımızdan söhbət gedir. Bəli, bu ölkələrdən turistlər də gəlir Azərbaycana. Lakin hava məkanının açılması ilk növbədə bu ölkələrin ərazisində yaşayan soydaşlarımızı sevindirir. Çünki pandemiya elan olunandan sərhədlər bağlandı, soydaşlarımız Vətəni, doğmalarını ziyarət edə bilmədilər. Azərbaycanda görün nə qədər Gürcüstanla qohumluq əlaqəsi olan vətəndaşımız var. Kimisinin anası, atası, bacısı-qardaşı, yaxın qohum-əqrəbası tarixi türk torpaqlarında yaşayır. Əlbəttə, onlar üçün çətin oldu, pandemiya dövrü. Eləcə də Rusiyada yaşayan, işləyən  soydaşlarımız Vətənə gələ bilmirdilər. İndi belə imkan yaranırsa, insanları sənədlərlə incitmək lazım deyil. Birincisi, mən təklif edirəm ki, Gürcüstanda və Rusiyada yaşayan soydaşlarımıza ikili vətəndaşlıq verilsin. Dünyada belə təcrübələr var. Nəinki 2-li, hətta 3-lü vətəndaşlıq da verilir. Bədnam qonşularımız az qalırlar Şimal Buzlu Okeanında da bir erməni “tapıb” ona vətəndaşlıq versinlər. Dünyanın harasında bir azərbaycanlı yaşayırsa, ona Azərbaycan vətəndaşlığı verilməli və ölkəyə giriş-çıxışı sadələşdirilməlidir. Qaldı ki, “COVİD” pasportu, koronavirus testinin tələb olunmasına, hər nə qədər bunlar hazırkı pandemiya şəraitində vacib görünsə də, yenə də müəyyən sadələşmələr aparmaq olar. Məsələn, hava limanında tibbi məntəqə var. Pilotlar, personal orada fasiləsiz tibbi müayinədən keçir. Həmin tibb məntəqəsində koronavirus testinin aparılması üçün kiçik laboratoriya təşkil etmək olar. Bunun üçün balaca bir otaq və hər 8 saatdan bir növbəsi dəyişəcək tibbi personal lazımdır. Hava limanına giriş edənlərdən oradaca, yerində analiz götürülsün, qısa müddətdə cavabı verilsin. Başqa sənədlərə ehtiyac da qalmasın. İnsanlara əlavə problem yaratmaq lazım deyil; bu sənəd olsun, o biri sənəd olsun. Koponavirusla bağlı bir sənəd yetərlidir. Bilirsiz, problem ona görə yaranır ki, ölkəyə giriş-çıxış məsələlərinin tənzimlənməsində iştirak edən 3 qurum – Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və polis əlaqəli çalışmırlar, hərəsi bir qayda tətbiq edir. Bununla hava limanının işini də çətinləşdirirlər. Hava limanı da öz şərtlərini irəli sürür. Nəticədə insanlar inciyir, yorulurlar. Narazı qalırlar.       

Qeyd edək ki, Avropa Komissiyasının Avropa İttifaqı ölkələrində rəqəmsal koronavirus sertifikatlarının tətbiqinə dair təqdim etdiyi qanun layihəsində üç məlumat öz əksini tapması göstərilir: COVID-19 infeksiyasına qarşı peyvəndin vurulması, koronavirus testinin mənfi nəticələri, həmçinin xəstəlikdən sağalma və immunitetin mövcudluğu.

Avropa Parlamenti həmçinin,  Avropa İttifaqı və Şengen ölkələri arasında səyahət etməyi asanlaşdırmaq üçün hazırlanmış COVID sertifikatlarının tətbiq edilməsini təsdiqləyib.

Burada Avropa İttifaqında təsdiqlənmiş vaksinlərdən - "BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson"dan söhbət gedir. Rusiyanın "Sputnik V" və Çin istehsalı olan "CoronaVac" peyvəndləri isə hələ ki, həmin siyahıda yoxdur. Bildirilir ki, üçüncü ölkələr tərəfindən verilmiş sertifikatların Avropa sertifikatları meyarlarına cavab verdikləri təqdirdə tanınması da təmin ediləcək. 

Azərbaycanda da əhaliyə əsasən sonuncu vaksinlərin tətbiq edildiyini nəzərə alsaq, bu məsələ bir qədər narahatlıq yaradıb. Artıq bununla bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələr gedir. Feysbukda tanınmış səyahət qruplarında "Sinovac" şirkətinin "CoronaVac" peyvəndi tətbiq olunanların Avropaya buraxılmayacağı ilə bağlı fikirlər yer alır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələyə aydınlıq gətirib. O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sözügedən iki vaksini vurduran şəxslər Avropaya COVID-19 testinin arayışı ilə gedə biləcəklər: "Hazırda bu 4 vaksin - "BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" həm Avropa Dərman Agentliyi, həm də Ümumdünya Səhiyyə Təşkilatı reyestrinə daxil edilib. Digər vaksinlərlə bağlı isə araşdırmalar davam edir. Söhbət ondan gedir ki, kimə "CoronaVac" və ya "Sputnik V" vurulubsa, onların Avropaya gedişi sadəcə COVID-19 testi verməklə həyata keçiriləcək. Başqa bir diskriminasiyadan söhbət gedə bilməz".