"Milli Qurtuluş Günü müstəqil dövlət kimi inkişafımızın başlanğıcı oldu"

"Milli Qurtuluş Günü heç vaxt xalqımızın yaddaşından silinməyəcək tarixi bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı kimi tariximizə düşən bu gün ölkəmizin müstəqil bir dövlət kimi inkişafının başlanğıcı oldu". 
Bu fikirləri "Sherg.az"a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bu gün Azərbaycan dövləti yaşadıqca millətin yaddaşında əbədi qalacaq:
"Müstəqilliyimizin bərpasından ötən illərə nəzər saldıqda bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Dahi şəxsiyyətlər nadir hallarda yetişir və özləri tarix yaradırlar. Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi. Müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası, bu illərdə xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı və dirçəlişi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini ikinci dəfə qazanmış respublikamız 1993-cü ilin iyununa qədərki müddətdə böhran, xaos və anarxiya, çaxnaşmalarla qarşılaşmışdı, böhran son dərəcə kəskinləşmişdi. Belə bir ağır və çıxılmaz vəziyyətdə Azərbaycanın əsl xilaskara ehtiyacı vardı. Artıq hamıya aydın idi ki, nə o vaxtkı iqtidar, nə də o dövrdə hakimiyyətə iddialı olan müxtəlif qüvvələr ölkəni düşdüyü bu iflic vəziyyətdən çıxara bilməyəcək. Xalq öz fədakar oğlu Heydər Əliyevə müraciət etdi. Xalqımız yaxşı bilirdi ki, belə bir anda yalnız və yalnız Heydər Əliyev dühası milləti bu düşdüyü bəlalardan qurtara bilər. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu. Bu, böyük ürəkli, cəsarətli Vətən oğlunun öz milləti, öz Vətəni qarşısındakı misilsiz fədakarlığı idi. Həmin tarixi dövr xalqımızın taleyində dönüş anı, itirilmiş inamının qaytarılması, anarxiyadan sabitliyə və inkişafa doğru yeni bir mərhələ oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin dövrü belə xarakterizə etmişdi: “Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoyuldu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı” ".

C.Məmmədov qeyd edib ki, Ümummilli lider öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı:

"Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun olaraq istifadə olunmasında ulu öndər Heydər Əliyevin neft strategiyası mühüm əhəmiyyət daşıyır.

Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin edib.

Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulayıb, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış edib.

Prezident İlham Əliyev ötən 17 il ərzində ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir".