Ərdoğan Şuşada... !- "Qarabağ Türkiyənin də milli məsələsidir"

“Qardaş Türkiyənin prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və qarşılanma mərasimi tarixi bir hadisədir”.

Bu fikirləri "Sherg.az" a açıqlamasında BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, 30 ildən sonra işğaldan azad olunmuş Şuşada bu tədbirin keçirilməsinin həm də əsas özəlliyi ondadır ki, bununla hər iki qardaş dövlət dünyaya bir mesaj verir:

“Bilirsiniz ki, dünən NATO sammiti baş verib. Ərdoğanın həm də ABŞ -ın yeni prezidenti Co Baydenlə görüşü baş tutub. Hər iki görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub və 30 ildən sonra Qarabağın erməni işğalından azad olunduğunu və hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib. Bu gün artıq həm ABŞ, həm də Rusiya Türkiyənin gücü ilə hesablaşmaq zorundadır. Azərbaycanın 44 günlük Vətən müharibəsində dünya bu türkün gücünün necə əzəmətli olduğunun şahidi oldu. Və bu səbəbdən də hər zaman güclə barışmaq zorundadır”. 

Politoloq qeyd edib ki, Ərdoğanın bu görüşlərdən sonra birbaşa Şuşaya gəlməsi bir daha dünyaya Türkiyənin Qarabağ məsələsini özünün milli məsələsi kimi gördüyünün mesajı kimi qiymətləndirilməlidir:

“Bu gün xalqımız çox böyük sevinc içindədir. Biz bunu sosial şəbəkələrdən yazılan statuslardan və yayılan videolardan da görürük. Yüz minlərlə insan Ərdoğanın Şuşaya səfərindən bəhs edir. Tanrıya şükürlər olsun ki, bu gün biz Milli Qurtuluş Günündə 44 günlük Vətən müharibəsində hər cür dəstək olan qardaş Türkiyənin rəhbəri ilə keçirtmək sevincini yaşayırıq. Bundan böyük xoşbəxtlik nə ola bilər ki, qardaş Türkiyənin prezidentini biz Şuşada qarşılayırıq!”.