Dini icmaların təşkili qaydası dəyişib.

Dini icmaların təşkili qaydası dəyişib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumu olub. Dəyişikliyə əsasən, eyni inzibati ərazi vahidi hüdudlarında yaşamaq şərti əlavə olunur. Beləliklə, dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə eyni inzibati ərazi vahidi hüdudlarında yaşayan könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumudur. Həm də artıq dini icma azı 50 nəfər yetkinlik yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yaradılacaq.

Eyni zamanda artıq digər dini icmalara da Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ verilib. Qüvvədə olan qanuna əsasən bu hüquq sadəcə islam dini icmalarına verilirdi.
İslam dininə aid ibadət yerləri ilə bərabər artıq ziyarətgahlara rəhbərlik edən din xadimləri də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunacaq və hər beş ildən bir attestasiya ediləcək. Attestasiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı ilə keçiriləcək.