“Gürcüstanın NATO-ya üzvlük prosesi uzana bilər”- Problemlər var

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın bu quruma üzvlüyündən danışıb. O, NATO-nun əsas diqqətinin Gürcüstanda islahatlara, ölkənin müdafiə və təhlükəsizlik institutlarının möhkəmləndirilməsinə yönəldildiyini bildirib. Y.Stoltenberq qeyd edib ki, Gürcüstan və Ukrayna Qara dəniz regionunda Alyans üçün çox mühüm tərəfdaşdır. Baş katib yaxın gələcəkdə Gürcüstan üçün yol xəritəsinin hazırlanıb-hazırlanmayacağı barədə suala cavab olaraq bildirib ki, NATO-nun qapıları açıqdır, lakin konkret müddətlərin açıqlanması planlaşdırılmır.

“Gürcüstan NATO-nun üzvü olacaq, lakin dəqiq tarix müəyyən edilməyib”.- deyə, Stoltenberq əlavə edib.



ReAL partiyasının icraçı katibi Natiq Cəfərli bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Gürcüstanın NATO üzvü olması ilə bağlı təklif illər əvvəl səslənmişdi. Hətta ölkədə NATO standartlarına uyğun islahatların aparılması şərti qoyulmuşdu. Gürcüstan NATO-dan kənar ölkələr arasında üzvlük planını yerinə yetirən birinci ölkələrdəndir. Ordunun bu qurumun standartlarına cavab verməsi istiqamətində müəyyən addımlar atılır”.

N. Cəfərli, həmçinin məsələyə mane olan məqamları sadaladı: “NATO-nun nizamnaməsinə görə daxildə münaqişə olmayan ölkələr qurumun üzvü ola bilərlər. Gürcüstanda isə Cənubi Osetiya və Abxaziya problemi davam etməkdədir. İkinci bir tərəfdən, Rusiya dövlət başçısı Vladimir Putin bildirmişdi ki, Gürcüstanın NATO üzvü olması onlar üçün “qırmızı xətt”dir. Və belə bir hal olsa, adekvat addımlar atılacaq. Odur ki, Gürcüstanın NATO-ya üzvlük prosesi uzana bilər. Hər halda yaxın bir neçə ildə bunu gözləmirəm. Biz NATO-ya üzv olmaq üçün çalışan Gürcüstanı dəstəkləməliyik. Qonşu dövlətin bunu nə vaxt bacaracağı isə sual altındadır”.