COVID-19-la əlaqədar idman obyektlərində cavabdeh şəxs təyin ediləcək

İyulun 1-dən İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə orada çalışan işçi heyətin ən azı 80%-nin “peyvənd sertifikatı”na və ya “immunitet sertifikatı”na malik olması halında icazə veriləcək.

APA-nın məlumatına görə, bu, idman və sağlamlıq-bərpa obyektlərində koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişdə əksini tapıb.

Qeyd olunub ki, idman obyektlərində hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh əməkdaş təyin ediləcək. İdman obyektlərinin ümumi istifadə yerlərində (holl, qeydiyyat masası və s.) işarələr qoyulmaqla insanlar arasında 1,5 metrdən az olmayan sosial məsafə təmin olunacaq.

Əməkdaşlar birdəfəlik maska (hər üç saatdan bir və islandıqca dəyişdirilməsi ilə), yaxud filtrli maskalarla, əlcəklə, dezinfeksiyaedici salfetka, əl dezinfektantları ilə fasiləsiz təmin olunmalıdır.

İdman avadanlıqları arasında 1,5 metr məsafə təmin olunmalı, idman zallarında hər istifadəçi üçün minimum 4 kvadrat metr sahənin nəzərdə tutulmalıdır.

Məşqçi heyət yalnız məşq vaxtı istisna olmaqla maskadan istifadə etməlidir.
İdman obyektlərində qidalanma COVID-19 pandemiyası dövründə ictimai-iaşə müəssisələrinə şamil edilən norma və qaydalara uyğun həyata keçirilməlidir.

Bildirilib ki, idman obyektlərinin girişləri təmassız termometrlərlə təmin edilməli, əməkdaşların iş günü ərzində 2 dəfə (səhər və işin sonunda), istifadəçilərin isə giriş zamanı hərarətlərinin ölçülməsi, simptomlu (hərarətin yüksəlməsi, öskürək, zökəm, nəfəs darlığı, ishal və s.) olanların içəri buraxılmaması və tibb məntəqəsinin əməkdaşlarına bildirilməli, idman obyektlərinin girişlərində və əlçatan zonalarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməli, əməkdaşlar və istifadəçilər onlardan mütəmadi olaraq istifadə etməyə təşviq edilməlidir.