Ermənilərlə birgə yaşayış mümkündür, amma...

Qarabağ öz gözəlliyi, yeraltı, yerüstü sərvətləri ilə yadellilərin diqqətini hər zaman cəlb etmiş və bu gözəl diyar zaman-zaman qanlı hərb meydanına çevrilmişdir. Ac qurdlar süfrəsində yağlı tikə olan Qarabağ didilmiş, əzilmiş, amma sınmamış, öz əzəməti, vüqarı ilə düşmənlərə meydan oxumuşdur. Ötən il Azərbaycan döyüş meydanında parlaq qələbə qazanaraq 30 illik düşmən işğalı altında olan doğma Qarabağımızı düşməndən azad etdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Öz ata-baba ocağımız, doğma torpaqlarımız tarixi sahibinə qayıtdı. Bir qanadı yaralanmış qartala bənzər xəritəminiz öz bütövlüyünə qovuşdu. Dağlıq Qarabağ uğrunda apardığımız haqlı mübarizədən sonra işğaldan azad olunan ərazilərdə ermənilərlə azərbaycanlıların birgə yaşayışı qarşıda duran əsas məsələlərdən biridir. "Şərq" mövzu ilə bağlı ölkə ictimaiyyəti arasında sorğu keçirib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov "Şərq"ə açıqlamasında qeyd edib ki, tarixən öz qəddarlığı ilə bizə qarşı xüsusilə fərqlənən ermənilər olub:



"İndi də ermənilər həmin mövqedədirlər: "Cənab prezidentimiz hər zaman çıxışlarında sülh şəraitində iki xalqın birgə yaşayışının mümkünlüyünü ifadə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada verdiyi bəyanatlarında belə bir mesaj da ünvanladı ki, biz bölgədə həmrəyliyin, qonşuluğun, əməkdaşlığın tərəfdarıyıq və Ermənistanı da buna səsləyirik. Onlar müharibə anonslarından, düşmənçilik çağırışlarından əl çəksinlər. Bu gedişatla, yəni ermənilərin bizə qarşı tarixi bu barışmaz düşmənçilik mövqeyi və bizi qəbul etməmələriylə hesab eləmirəm ki, onlarla birgə yaşayış mümkün olsun. Yəni biz türk, müsəlman xalqları olaraq həmişə hamıya səmimi dost münasibət əlimizi uzatmışıq. İstəməmişik ki, kimləsə düşmən olaq. Lakin ermənilər bizə qarşı düşmən olublar. Yəni tarixən öz qəddarlığı ilə bizə qarşı xüsusilə fərqlənən ermənilər olublar. İndi də həmin mövqedədirlər. Təbii ki, onlar belə mövqedə durarlarsa, birgə yaşayışı mümkün hesab etmirəm".

Əməkdar jurnalist Səadət Məmmədova "Şərq" ə açıqlamasında bildirib ki, bu, ermənilərdən asılı olan bir məsələdir:



"Azərbaycan xalqı bütün millətlərin nümayəndələri ilə sülh və tolerantlıq mühitində birgə yaşaya bildiyini sübut edib və hətta xalqımızın bu xüsusiyyəti hər zaman örnək göstərilir. Ermənilər Azərbaycana qarşı ərazi iddiası qaldırıb, torpaqlarımızı işğal edənədək biz onlarla da Qarabağ ərazisində də, Bakıda da mehriban və problemsiz şəraitdə birgə yaşayırdıq. Amma bu sülhü ermənilər pozdu. Yenə də Azərbaycan xalqı sülhə sadiqliyini bəyan edir və ərazimizdəki digər xalqların nümayəndələri kimi ermənilərə də birgə dinc yaşayış vəd edir. Amma bütün dövrlərin “oyunpozanı” ermənilər buna hazırdırmı? Bu xalqın hamıya və hər şeyə nifrəti nəticəsində Ermənistan monoetnik dövlətdir. Biz erməni xalqının sadə nümayəndələri ilə nifaq aparmadığımızı və birgə yaşamaq niyyətimizi dəfələrlə bəyan etmişik, bəyənmirlər və ya istəmirlərsə, gedib öz monoetnik dövlətlərində yaşaya bilərlər".

Əslən Şuşadan olan, Böyük Qələbəmizdən sonra hər gün, hər saat Şuşaya qayıdacağı günü, saatı gözləyən peşəkar həmkarımız Kəmalə Cahidqızı “Şərq”ə açıqlamasında deyib ki, əslində o, iki fərqli fikirdədir:



"Mənim cavabım əslində iki variantda ola bilər. Əgər istək olaraq yanaşsaq, təbii ki, net olaraq ermənilərlə birgə yaşayışın qətiyyən mümkün olmayacağını deyərəm. Biz hələ sovet dönəmində Qarabağda yaşayan azərbaycanlı əhali olaraq ermənilərin yaratdığı maneələrlə çox üzləşirdik. Nəzərə alsaq ki, bu, hələ "mehriban qonşu ölkələr" dövrü idi. Ancaq məsələnin bir də siyasi tərəfi var və bir az real baxanda, ermənilərin Azərbaycanda yaşayacağı ehtimalı çoxdur. Təbii ki, artıq Qarabağda bir erməni üstünlüyü, hegemonluğu olmayacaq, ancaq biz tolerant bir ölkə olduğumuzu hər zaman vurğulayırıq deyə, ermənilərə də digər xalqlar kimi Azərbaycanda yaşamaq hüququnun verilmə ehtimalının mümkünlüyünü təxmin edirəm".

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev "Şərq"ə açıqlamasında vurğulayıb ki, belə münaqişələrdə iki münaqişələrin həlli ilə məşğul olan konfliktoloqlar iki halı nəzərdən keçirməyi tövsiyə edirlər:



"Birincisi, yanaşı yaşamaq. İkincisi, birgə yaşamaq. Bunları konfliktin həll olunması mərhələləri də hesab etmək olar. Əvvəlcə deyim ki, mən ilk mərhələdə yanaşı yaşamağın mümkünlüyünə inanıram və bunun üçün müəyyən addımların atılmasını labüd hesab edirəm. Birgə yaşayış isə çox uzaq məqsəd kimi qarşıya qoyulmalıdır. Birdən-birə birgə yaşayış barədə danışmaq prosesə ziyan verən amildir. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən isə nəzərə alsaq ki, dünyanın müxtəlif bölgələrində azərbaycanlılarla ermənilərin nəinki yanaşı, hətta birgə yaşayış nümunələri hələ də var. Əgər varsa, multikultural Azərbaycanda bu niyə olmasın? Gürcüstanda birgə yaşayış kəndləri var. O cümlədən Türkiyədə, İranda. Rusiyada belə nümunələrə rast gəlmək olar. Birmənalı demək lazımdır ki, Azərbaycan və Ermənistan arasında olan münaqişə ərazi münaqişəsidir və bu münaqişəyə 44 günlük müharibədə son qoyuldu. Azərbaycan sərhədlərini bərpa etdi. Münaqişənin bitməsini istəməyənlər və bundan bəhrələnənlər isə bunu milli münaqişə kimi təqdim etməkdə maraqlıdır. Çox təəssüf ki, məsələni milli münaqişə müstəvisinə keçirənlərin məqsədini anlamayaraq bu xətti tutanlar var və onlar birgə yaşayışın mümkün olmadığını deyirlər. Ona görə də, ilkin zamanlarda “birgə yaşayış” terminini “yanaşı yaşamaq” termini ilə əvəz etmək lazımdır".

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə "Şərq"ə açıqlamasında deyib ki, Qarabağda birgə yaşayış azərbaycanlılardan çox ermənilərə lazımdır:



"Biz 28 il sonra torpaqlarımızı işğaldan azad etmişik. Ərazidə artıq quruculuq-abadlıq işləri başlayıb. Əminəm ki, məhz abadlaşdırma siyasəti nəticəsində yaxın illərdə ermənilərin murdar izini Qarabağdan siləcəyik. Qarabağ tezliklə dünyanın ən gözəl yaşayış məskənlərindən birinə çevriləcək. 44 günlük Vətən müharibəsində ordumuz Qarabağda irəlilədikcə, biz ermənilərin uzun illər necə ağır şəraitdə yaşadığının şahidi olurduq. Azərbaycan qələbə qazanmaqla, həm də ermənilərə adam kimi yaşamaq şansı verib. Əgər Qarabağ erməniləri üçrəngli bayrağımızı öpüb qanunlarımıza tabe olsalar, o zaman güclü Azərbaycan dövlətinin himayəsi altında yaşayacaqlar. Ermənilər çox hiyləgər millətdir və əminəm ki, bu şansı əldən verməyəcəklər. Azərbaycan isə humanist dövlətdir. İstintaq nəticəsində terrorçuluqla məşğul olmadığı müəyyənləşdirilən 15 erməninin geri qaytarılması da bunu sübut edir. Azərbaycan xalqına güllə atmayan ermənilər üçün heç bir təhlükə yoxdur".



Jurnalist - publisist Rasim Mədəd "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, Qarabağda ermənilərlə birgə yaşamaq məsələsi aparılan düzgün siyasətin nəticələrindən asılı olacaq. O qeyd edib ki, bu isə vaxt tələb edir.

Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu "Şərq"ə açıqlamasında bunun mümkün olduğunu söyləyib:



"Əlbəttə mümkündür. Amma bir şərtlə! Azərbayacana qarşı silah qaldırmış, cinayət törətmiş ermənilər Azərbaycan məhkəmələri qarşısına çıxarılmalıdır. Yalnız Azərbaycan qanunlarını qəbul edib, hörmət və ehtiram bildirənlər isə qalıb yaşasın".