Hər keçən gün Kürün səviyyəsi azalacaq

Ölkənin əsas arteriyası göz qabağında quruyur

"Qarşıda qlobal quraqlıq və ciddi su çatışmazlığı gözlənilir"

Son günlər Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması haqda məlumatlara tez-tez rast gəlirik. Kürdə yaranmış vəziyyətin səbəbi kimi bir çox amillər göstərilir, lakin hələ də problem həll olunmayıb. Bəzi ekspertlərin fikirlərinə görə, yaxın illərdə Kürün Xəzər dənizinə qədər gəlib çıxmama riskləri mövcuddur. Nə baş verir? Və bunun qarşısını necə almaq olar?

Mövzu ilə əlaqədar “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Şərq"in suallarını cavablandırıb. O vurğulayıb ki, bu problem bir neçə ildir ki, müşahidə olunur:



"Keçən il bunun fəsadları daha ağır formada müşahidə olundu. Qeyd edim ki, getdikcə çayın həcminin azalması müşahidə olunacaq. Bununla da aran rayonlarında suvarma və içməli su problemi kəskinləşəcək. Bu da həm aqrar sektorda, həm də əhalinin su ilə təminatında problemləri artıracaq. Yaranmış vəziyyət antropogen təsirlərin güclənməsi ilə bağlıdır. Burada çayın keçdiyi hər üç ölkənin problemi var. Ekoloji mühitin məhv edilməsinin, çay suyundan məhdudiyyətsiz istifadənin, həmçinin qlobal istiləşmənin təsiri var. Məlumdur ki, Kür çayı suvarma suyu və içməli təchizatı su üzrə respublikanın əsas arteriyasıdır. Və bu arteriya göz qabağında quruyur. Bu vəziyyətə gətirib çıxaran şərait uzun onillklər ərzində yaradılıb. İndi demək olar ki, gecdir. Biz jurnalistlər və ekoloqlar bu vəziyyətin qarşısını almaq üçün çox uzun illər həyəcan təbili çaldıq, lakin buna zərrə qədər də əhəmiyyət verilmədi. İndi bu prosesin qarşısını qısa müddətdə almaq imkan xaricindədir".

Ekspert əlavə edib ki, ilk növbədə çalışıb bunun yaradacağı fəsadları kompensasiya etmək və alternativ su mənbələri formalaşdırmaq lazımdır:

"Bunun üçün dəfələrlə qeyd etdiyimiz kimi, çay ətrafında kiçik su anbarları yaradılmalı, ətraf ərazilərdə xeyli sayda artezian quyuları qazılmalı, dəniz kənarında su şirinləşdirici zavodlar tikilməli, sudan səmərəli istifadə təmin edilməlidir. Strateji planda isə çayın ətrafında fəaliyyət göstərən müxtəlif təyinatlı tikinti materialları sexləri ləğv edilməli, Kürün qolları olan kiçik çayların qurumasının qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir. Həmçinin çayın keçdiyi Türkiyə və Gürcüstanla birgə lazımi tədbirlər görülməli, o cümlədən suyun bölüşdürülməsi limitləri tətbiq olunmalıdır".

E.Bayramlı diqqətə çatdırıb ki, qarşıda qlobal quraqlıq və ciddi su çatışmazlığı gözlənilir: "Beynəlxalq elmi mərkəzlər və aekoloq alimlər bu barədə çoxdandı SOS siqnalları verirlər. Biz isə buna demək olar ki, hazırlıqsız vəziyyətdəyik. Bu sahədə təcili böyük layihələrə başlanılmalıdır. Ölkə su ehtiyatının 30 faizinin cəmləşdiyi Qarabağın su ehtiyatlarından istifadə genişləndirilməli və ölkədə yaşıllıq sahələri kəskin artırılmalıdır".