"Şuşa müqaviləsi Ermənistandakı revanşistlərə çox ağır zərbədir" 

Tofiq Zülfüqarov: "Əsas məsələlərdən biri odur ki, artıq Türkiyə Azərbaycanın müttəfiqi kimi yanımızdadır"

"Reallıq odur ki, ABŞ və Avropa ölkələri tərəfindən Türkiyə ciddi şəkildə dəstəklənir" 


15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında “Şuşa Bəyannaməsi” adlı tarixi sənəd imzalandı. Sənədi iki türk lider - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyiğ Ərdoğan imzalayıblar. 11 səhifəlik sənəd Qars müqaviləsindən sonra Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən ən böyük razılaşma kimi tarixə düşdü. Liderlər Şuşadan güc, siyasi birlik və əsl qardaşlıq mesajı verdilər. Şuşa Bəyannaməsinə əsasən, siyasi, iqtisadi, mədəni, hərbi, milli təhlükəsizlik, media və diaspor sahəsində birgə əməkdaşlıq ən yüksək səviyyəyə çatdırılacaq. Həmçinin, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşı təhdid olduğu təqdirdə tərəflər bir-birinə yardım göstərəcək. 

Tarixi Şuşa Bəyannaməsi ilə bağlı “Şərq”in suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Türkiyə dövləti ilə Azərbaycanın birgə fəaliyyəti, əməkdaşlığı, tərəfdaşlığı, dostluğu, qardaşlığı hər iki dövlətin inkişafı və beynəlxalq aləmdə nüfuzunun güclənməsi üçün çox mühüm amildir... 

- Tofiq müəllim, tarixi əhəmiyyət kəsb edən müqaviləni və sənəddə yer alan məqamları necə dəyərləndirirsiniz? 

- İki ölkə arasında imzalanan sənədlərin sayı 300-dən çoxdur. İllər ərzində Türkiyə-Azərbaycan arasında müxtəlif sazişlər bağlanıb. Təbii olaraq, tərəflər arasında diqqət çəkən əsas məqamlardan biri hərbi əməkdaşlıqdır. Amma qardaş ölkə ilə hərbi sahədə ortaq fəaliyyətimiz Şuşadan başlamır. İkili əməkdaşlığın tarixi illər öncəyə dayanır. Şuşa Bəyannaməsi bir növ müəyyən dövrün yekunlarına həsr olunmuşdu. Əldə olunan nailiyyətlər əsasında ortaya çıxmış bir sənəd idi. Daha doğrusu, Şuşa müqaviləsi gələcək əməkdaşlığa yön verən və iki ölkənin bir-birinə yaxınlıq istiqamətlərini göstərən razılaşmadır. Çox böyük və vacib sənəddir. Əsas məsələlərdən biri odur ki, artıq Türkiyə Azərbaycanın müttəfiqi kimi yanımızdadır. Eyni zamanda Azərbaycan da qardaş Türkiyə ilə bərabərdir. Böyük nüfuza malik, geniş hərbi imkanlara sahib olan NATO üzvü Türkiyə Azərbaycanın təhlükəsizliyinin təminatçısıdır. Bizim üçün bu məqam çox vacibdir. Tərəflərdən biri güclü, nüfuzlu Türkiyə, digəri isə 44 günlük Vətən savaşının qalibi, müzəffər Azərbaycandır. Dövlətimiz öz gücü hesabına torpaqlarını işğaldan azad etməklə, bunun əsasında müttəfiqlik sənədinə imza atdı. 

- Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinadın önəmi nədir? 

- Qars müqaviləsinə istinad mühümdür. Türkiyə hələ 1921-ci ildə Naxçıvanın indiki statusunu, yəni birbaşa Azərbaycana məxsus olduğunu bəyan edib və bunun təminatçısı olub. Qars müqaviləsində Rusiya tərəfinin də imzası var. Türkiyə Qars müqaviləsi sayəsində, yəni Naxçıvan öhdəliyi ilə NATO-ya üzv olmaq şansı əldə edib. Qars müqaviləsinə əsasən, Türkiyənin müttəfiqlik təminatı sadəcə Naxçıvana aid idisə, indiki mərhələdə bu təminat bütünlüklə Azərbaycana aiddir. Bu da çox vacib elementdir. 

- Bəzi ekspertlər bu təminatın Naxçıvandan Qarabağa daşınması kimi şərh edirlər... 

- Yox, mən elə deməzdim. Şuşa Bəyannaməsinin şərtləri sadəcə Qarabağa deyil, bütöv Azərbaycana şamil edilir. Qarabağ siyasi yox, coğrafi məfhumdur. Sənəddə konkret bölgə qeyd olunmayıb. Müqavilənin harada imzalanmasından asılı olmayaraq, bütöv Azərbaycandan söhbət gedir. Yəni Türkiyə Azərbaycanın hansısa bölgəsinin deyil, ümumilikdə ölkəmizin təminatçısı kimi çıxış edir. 

- Müqavilə Bakıda da imzalana bilərdi. Mərasimin məhz Şuşada təşkil edilməsinin xüsusi səbəbi varmı? 

- Burada simvolik məqamlar var. Şuşa Bəyannaməsinin 15 iyun Milli Qurtuluş günündə imzalanması, sənədlərə Şuşada qol çəkilməsi təsadüfi deyil. Müqavilənin Şuşada imzalanması qələbə gününün davamı kimi qiymətləndirilə bilər. Həm Azərbaycan Prezidenti, həm də Türkiyə rəhbəri işğaldan azad olunmuş Şuşadan vacib mesajlar verdilər. Türkiyə lideri Ərdoğan 3+3 formatı ilə bağlı fikirlər səsləndirdi, regional əməkdaşlıqdan danışdı. Dövlət başçısı İlham Əliyev də öz çıxışında sülhə çağırış etdi. Biz Şuşa Bəyannaməsini sadəcə tərəfdaşlıq və hərbi müttəfiqlik kimi görmürük, eyni zamanda gələcəyə baxış kimi qiymətləndiririk. Azərbaycan və Türkiyə öz birliklərini qeyd edərkən həm də bölgə dövlətlərinə və xalqlarına çağırış edirlər ki, sülh və əmin-amanlığı bərpa etmək ən ümdə şərtdir, zərurətdir. Düşmənçilik stereotiplərindən xilas olmaq lazımdır. Ermənistandan səslənən revanşist bəyanatlara son qoyulmalıdır. Ermənilər ağıllarını başlarına yığaraq özlərini real itkilərdən, növbəti faciələrdən uzaq tutmalıdır. Bu cür mesajların məhz Şuşadan səslənməsinin böyük əhəmiyyəti var. 

- Gözlənildiyi kimi Ermənistandakı bəzi dairələr Şuşa müqaviləsinə qısqanclıqla yanaşdılar. Türkiyə və Azərbaycanın ünvanına hədyanlar söylədilər... 

- Şuşa Bəyannaməsi Ermənistandakı revanşist güclərə çox ağır zərbədir. Qeyd etmək lazımdır ki, Türkiyə Prezidenti Ərdoğan Şuşaya birbaşa Brüsseldən, NATO-nun sammitindən gəldi. Reallıq odur ki, ABŞ və Avropa ölkələri tərəfindən Türkiyə ciddi şəkildə dəstəklənir. Regional proseslərdə Türkiyənin rolu və mövqeyi Qərb tərəfindən yüksək qiymətləndirilir. Çünki Türkiyə Cənubi Qafqazda həm də NATO təmsilçisi, Qərbin siyasətini bölgədə həyata keçirən dövlət kimi xarakterizə olunur. Bundan başqa formalaşan Türkiyə-Rusiya tandeminə də hansısa dəyişikliklərin, nüansların əlavə edilməsi mümkündür. Ermənilər də yeni reallığı yaxşı başa düşürlər. Əvvəlki ümidləri Rusiya idi. Ancaq indi Rusiya Türkiyə və Azərbaycanla əməkdaşlığa daha çox önəm verir. Ermənistanın Qərbə də ümidi çox idi. Lakin NATO sammitindən sonra Türkiyə daha güclü tərəfdaş kimi regiona qayıtdı. Ermənilər regionda baş verənləri diqqətlə izləyirlər. Uzun illər erməni hökumətləri xalqı aldadıb, başlarını siyasi illüziyalarla qatıblar. Xalq bunların yalan və əsassız olduğunu, böhrana apardığını görür. 

- Yəni Ermənistanda fərqli düşünənlər də var? 

- Əlbəttə. Ermənistanda normal fikir səsləndirənlər var. Məsələn, münaqişənin formalaşmasında və davam etməsində “böyük rol” oynamış Levon Ter-Petrosyan deyib ki, Ermənistan yeni reallıqları başa düşməli və qəbul etməlidir. O bildirib ki, artıq dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Görünür, hamıya çoxdan aydın olan bu həqiqət tədricən ermənilərin siyasi elitasına da yol açıb. Sözsüz, proses çətindir və heç kim asan keçəcəyini demir. Amma Azərbaycanın Türkiyə ilə ortaq fəaliyyəti regiondakı prosesləri daha da sürətləndirəcək. Ermənilər öz cəfəng iddialarından xilas olmalıdır. Çünki heç vaxt Azərbaycan ərazilərini zəbt edə bilməyəcəklər.

- Bəyannamənin imzalanma mərasimində dövlət başçısı İlham Əliyev hərbi müttəfiqliklə bərabər nəqliyyat dəhlizi məsələsinə də xüsusi diqqət çəkdi. Ölkə rəhbərinin Şuşadan Zəngəzur dəhlizi mesajı nə qədər mühümdür?

 - Zəngəzur dəhlizi 10 noyabr üçtərəfli sazişinin əsas şərtlərindəndir. Üçtərəfli Bəyanat isə Ermənistanın kapitulyasiya sənədinə imza atması deməkdir. Saziş Rusiyanın təşəbbüsü ilə gündəmə gəlib və Ermənistanın tamamilə darmadağın edilməsinin qarşısını alıb. Ona görə də İrəvan hökuməti məğlub tərəf kimi sazişdəki bütün şərtlərə qeyd-şərtsiz əməl etməlidir. Əgər ermənilər bəyanatın hansısa bəndindən imtina etsələr, Azərbaycan da digər bəndlərdən imtina edə bilər. Vaxtı ilə sazişə qiymət verən Putin deyib ki, Ermənistanın üçtərəfli müqavilənin şərtlərindən boyun qaçırması onlar üçün fəlakət deməkdir. Prezident tərəfindən Şuşadan səslənən Zəngəzur dəhlizi mesajı Ermənistana növbəti xəbərdarlıq idi. Ermənistan rəhbərliyinə və xüsusən revanşist siyasi dairələrə mesaj verilir ki, ağıllarını başlarına yığsınlar və öhdəliklərinə əməl etsinlər. Haşiyə çıxaraq bir məqamı da qeyd etmək istərdim. Ötən gün dünyanın müxtəlif ölkələrində yayımlanan nüfuzlu “RTVi” kanalına müsahibə verdim. İsrailə məxsus kanalın redaksiyası həm Təl-Əvivdə, həm Moskvada, həm də Nyu-Yorkdadır. Maraqlı da olsa kanalın indiki rəhbəri İsrailyan soyadlı bir ermənidir. Müsahibəmi yutub kanalına yerləşdiriblər, feysbuk səhifəmdə paylaşmışam. Türkiyə Prezidenti Ərdoğanın Şuşa səfəri, imzalanan sənəd barədə reportaj var. Ermənilər şərh bölməsinə hücum çəkiblər, Türkiyə və Azərbaycan əleyhinə ağıllarına gələni yazırlar. Məncə, şərh bölməsində ermənilərin cavabını versək, yaxşı olar...