Həcc ziyarətinin təşkili mərkəzləşdirilir

Bütün səlahiyyətlər QMİ-yə verilir, bu bahalaşmaya gətirib çıxaracaq

Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklə bağlı qanunu təsdiqləyib. Qanunla kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə təşkil olunacaq. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçiriləcək və bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək.

Qanunla bağlı dini ekspert Kənan Rövşənoğlu "Şərq"ə danışıb. O bildirib ki, “Dini etiqad azadlığı haqqında” qanuna bir sıra əlavə dəyişikliklər edilib. O cümlədən də azyaşlıların dinə məcbur edilməsinin qadağan olunması ilə bağlı da dəyişikliklər bu qanunda öz əksini tapıb:

"Qeyd edim ki, yeni qanunda ziyarətlərin təşkili, din xadimlərinin seçkili və təyinatlı dövlət orqanlarına seçilib və ya təyin olunması kimi maddələr də var. Bəzi dəyişikliklər müzakirə və mübahisələrə səbəb olub, xüsusən də uşaqların dinə məcbur edilməsi maddəsi. Çünki qanun

valideynlərin uşaqlarını öz inanclarına uyğun tərbiyə etməsi haqqı tanısa da, məcburetməni qadağan edir. Amma bu qadağanın və ya məcburiyyətin müəyyən olunması mexanizmi yoxdur. Bir çox dindar düşünür ki, bu maddə uşaqların məscidə aparılmasına, başörtüyü kimi mövzularda qadağalara səbəb ola bilər. Lakin qanunda məcburetmənin kim tərəfindən və hansı meyarla müəyyən olunması yoxdur".

Ziyarətgahlar məsələsinə gəlincə isə ekspert vurğulayıb ki, Həcc ziyarəti 2009-cu ildən yalnız bir orqana - QMİ-yə verilib: "Yeni qanun güman ki, nisbətən sərbəst olan Məşəd və İraq (Kərbəla. Nəcəf və sair) ziyarətgahlara ziyarətlərin təşkilini mərkəzləşdirir. Bu hüquq QMİ-yə verilir. Bu da bu sahədə bir tərəfdən nizam-qayda yaratmasına səbəb olacaqsa, digər tərəfdən ziyarət qiymətlərində bahalığa səbəb olacağı ilə bağlı narahatlıq yaradır. Bu dəyişikliklərin hansı nəticəni verəcəyini yaxın zamanda görəcəyik".