İki tələb qoyulub

"İnternet televiziya kanallarının lisenziyalaşdırılması üçün sadələşdirilmiş sistem nəzərdə tutulub"

Osman Gündüz: "İndiki halda MTRŞ-nin ilkin açıqlamaları internet medianın inkişafı ilə bağlı müəyyən narahatçılıqlar yaradır"


Milli Televiziya və Radio Şurası (MTRŞ) “Media haqqında” qanun layihəsində televiziya və radio yayımına dair əsas yenilikləri açıqlayıb. MTRŞ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Media haqqında” qanunda televiziya və radio yayımında əsas yeniliklər kimi, məzmun üzrə cavabdehlik daşıyan yayımçılıq, retranslyasiya xidməti həyata keçirərək məzmun üzərində cavabdehlik daşımayan operator fəaliyyətinin ayrılması, tezlik və peyk tutum resursları tələb edən audiovizual media fəaliyyətinin müsabiqə əsasında lisenziyalaşdırılması, digər audiovizual media fəaliyyəti üçün isə sadələşdirilmiş lisenziya alınması prosedurun tətbiqini qeyd etmək olar.


Bildirilib ki, qanun layihəsində internet televiziya kanallarının lisenziyalaşdırılması üçün sadələşdirilmiş sistem nəzərdə tutulub: “Bunun üçün sadəcə olaraq qanunda müəyyən edilmiş tələblərə cavab vermək və MTRŞ-yə müraciət etmək lazım olacaq. Media subyektləri üçün təsbit olunan ümumi tələblərdən başqa, internet televiziya kanalları üçün spesifik iki tələb müəyyən olunub. Birinci tələb odur ki, kanalın özünün saytı olmalı və həmin saytdan yayım aparmalıdır. İkinci tələb isə bu yayımın gün ərzində minimum müəyyən saat olmasıdır.

İlkin olaraq 8 saat nəzərə almışdıq, lakin bir sıra populyar internet kanalların rəhbərləri ilə məsləhətləşmələrdən sonra bunun 6 saata salınması üçün qanun layihəsində dəyişiklik olunması ilə bağlı təklif verəcəyik. Təbii ki, bu tələbin də artıq olması barədə fikirlər olacaq. Lakin bilməliyik ki, həftədə 1-2 dəfə bir neçə saatlıq efirə çıxaraq videobloginqlə məşğul olmaq audiovizual media fəaliyyəti ilə məşğul olmaq kimi qəbul edilə bilməz”.

Bəzi saytların, xüsusən agentliklərin həm onlayn televiziya, həm də sayt kimi fəaliyyət göstərməsinin necə tənzimlənəcəyinə dair suala cavab olaraq isə MTRŞ-dən bildirilib ki, yeni qanun layihəsinə əsasən, sayt və informasiya agentliklərinin qeydiyyatını Medianın İnkişafı Agentliyi həyata keçirəcək: “Bunun üçün lisenziya alınmasına ehtiyac yoxdur.

Məsələn, APA həm onlayn media, həm informasiya agentliyi kimi Medianın İnkişafı Agentliyindən qeydiyyatdan keçərək fəaliyyət göstərə biləcək, eyni zamanda APA TV Şuraya müraciət edərək lisenziya alaraq platforma yayımçısı kimi tanınacaq. Bu zaman APA-nın hər bir redaksiyası (audiovizual media olaraq APA TV, onlayn media olaraq apa.az saytı, informasiya agentliyi olaraq isə APA İA) Media reyestrinə daxil ediləcək”. 

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə internet televiziya kanallarına qoyulan tələblər barədə danışıb. O qeyd edib ki, görünür ki, Milli Televiziya və Radio Şurası yenidən İnternet TV-lərin lisenziyalaşması məsələsini gündəmə gətirmək niyyətindədir:

"Uzun müddət idi ki, bu məsələ müzakirədən çıxarılmışdı. Təəssüf ki, bugünkü açıqlamadan görünən odur ki , MTRŞ "Media haqqında” qanunda tezlikdən istifadə etməyən internet TV-lərin lisenziyalaşması ilə bağlı məcburedici müddəalar daxil etmək niyyətindədir. Bununla əlaqəli "sadələşdirilmiş lisenziya" ifadəsini daxil etmək istəyir.

Ümumiyyətlə, dövlətə məxsus olan məhdud tezlik resursundan istifadə etməyən, açıq şəbəkədə yayımlanan TV-nin lisenziyaşdırılması məntiqə uyğun deyil, beynəlxalq normalara da ziddir. Xüsusilə də internet TV hesab olunmaq üçün MTRŞ-nin texnologiyanın, sosial medianın indiki inkişafı dövründə qanuna təklif etmək istədiyi  "yalnız sayt üzərindən yayım" və "müəyyən yayım saatı" müddəaları ağlasığmaz və absurddur".

O.Gündüz hesab edir ki, MTRŞ yeni medianın inkişafına yönəlik və beynəlxalq normalara uyğun addımlara üstünlük verməlidir:

"Təəssüf ki, indiki halda MTRŞ-nin ilkin açıqlamaları internet medianın inkişafı ilə bağlı müəyyən narahatçılıqlar yaradır".