ANCA Amerikada terror təşkilatına çevrilir

Erməni yalanlarının qarşısını almasaq, çətin olacaq


Millət vəkili, BQP sədri Fazil Mustafa sosial şəbəkədə önəmli bir məsələyə diqqət yönəldib. Erməni lobbisinin xarici ölkələrdə xüsusi fəallığına  toxunan deputat düşmənin dayanmadığını bildirib. Onun sözlərinə görə, ABŞ-dakı bir QHT dövlətdən daha güclü fəaliyyət nümayiş etdirir: “Amerika Erməni Milli Komitəsi (ANCA) “Dağlıq Qarabağa” yardımı artırmaq və ABŞ-ın Azərbaycana yardımını əngəlləmək məqsədilə Qarabağ üçün 250 milyon dollar yardım tələb edir. Azərbaycan hökumətinə beynəlxalq maliyyə vəsaitlərinin və ya kreditlərin verilməsinin əngəllənməsini istəyir”. Parlament üzvü bununla bağlı təklifin 2022-ci ildə qanun layihəsi hazırlayacaq ABŞ Təmsilçilər Məclisinin iclasına təqdim olunub:

“Ona görə də arı kimi çalışmalıyıq. Bu cür təşəbbüsləri əhəmiyyətsizləşdirmək üçün effektli fəaliyyət formalarını Türkiyə ilə birlikdə gerçəkləşdirməyi bacarmasaq, bu axının qarşısında xeyli çətinliklər yaşayacağıq”. 

Amerika Erməni Milli Komitəsinin fəaliyyətinə mütəmadi diqqət çəkən ictimaiyyət nümayəndələrindən biri də “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. QHT rəhbəri, tanınmış jurnalist F.Hüseynzadə “Şərq”ə açıqlamasında deyib ki, ANCA-nın məqsədi qondarma rejimin “müstəqilliyinin” tanınmasına, bütün erməni “hərbi əsirlərin” qeyd-şərtsiz azad edilməsinə, Bakının təhlükəsizliyi sahəsində hərbi və humanitar yardım proqramlarının dayandırılmasına nail olmaqdır:

“Təşkilatın əsas siyasi prioritetindən biri də Ermənistana və qondarma rejimə Ağ Ev tərəfindən humanitar yardımın edilməsidir. ABŞ Nümayəndələr Palatasının 65-dən çox üzvü Ermənistana və qondarma rejimə yardım kimi 100 milyondan artıq dollar vəsait ayrılması barədə Konqresin erməni toplantısının xahişinə qoşulub. Ümumi olaraq Ermənistana və qondarma rejimə 250 milyon dollar dəyərində inkişaf məqsədi ilə humanitar yardımın verilməsinə çalışılır. Konqresdə erməni qrupunun həmsədri Frank Pallone bildirib ki, ötənilki müharibə və bunun nəticəsində yaranmış qeyri-müəyyənlik nəticəsində sarsılmış Ermənistana yardım göstərmək üçün Amerika Birləşmiş Ştatlarının nadir imkanları var. Konqresmen Kris Smit isə ABŞ Nümayəndələr Palatasını qondarma rejimə təcili tələbat, mənzil, tibbi yardım, infrastruktur və 50 milyon dolları ayırmağa çağırıb. 

Jurnalistin sözlərinə görə, ANCA-nın təşkilatçılığı ilə ABŞ Nümayəndələr Palatasına 50 mindən çox məktub göndərilib:

“Lobbi təşkilatının təşəbbüsü ilə ermənipərəst senator və konqresmenlər ATƏT-in Minsk qrupunun danışıqlar prosesində iştirakını bərpa etməyə çalışırlar. Bu məsələ əsasən senator Bob Menendes tərəfindən Senat Komitəsində dəfərlərlə qaldırılır. Menendes Bayden administrasiyası tərəfindən “erməni soyqırımı”nın tanınmasını dəstəkləmək üçün də çağırışlar etmişdi. 37 senator prezident Baydenə müraciət ünvanlayıb. Onlar Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün çağırışlar ediblər”. 

Birlik rəhbərinin sözlərinə görə, Konqresin ermənipərəst üzvləri, eyni zamanda özlərinin sosial şəbəkə profillərində Ermənistan-Azərbaycan arasındakı sərhəd gərginliyini əsassız olaraq siyasi formada təqdim edirlər:

“Ölkəmiz əleyhinə tərxribatçı fikirlər sələndirirlər. Ümumiyyətlə, ermənipərəst konqresmenlər ABŞ tərəfindən Azərbaycana ediləcək istənilən gələcək yardımları bloklamaq üçün maksimum cəhdlər göstərirlər. ANCA ölkəmizlə bağlı öz qarşısına çox kəskin prioritetlər qoyub və artıq terror təşkilatı imici yaradır. Bu qurum müəyyən mənada ABŞ-ın dövlət siyasətinə təsir gücünə malikdir. Erməni lobbisi, xüsusən ermənipərəst konqresmen və senatorlar vasitəsilə Komitə bir çox hallarda öz təsirini Ağ Evə göstərir. Bu baxımdan təşkilatın anti-Azərbaycan və anti-Türkiyə prioritetlərini gec və ya tez həyata keçirməsi gözləniləndir. Buna qarşı önləyici tədbirlərin görülməsi dövlətimiz naminə faydalı olardı”.