Günay Bəndəliyeva qəhrəmanlarımızla fəxr edir

“Şəhid və qazilərimizlə bağlı şəkillər çəkməkdən qürur duyuram”

Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsində düşmən üzərində zəfərinin rəmzinə çevrilib. İnsanlar böyük sevinc və maraqla Parkı ziyarət edir, ordumuzun sanki düşmənə vurduğu zərbələrin nəticələrinə tamaşa edirlər. Eyni zamanda burada zəfərimizin şərəfinə müxtəlif tədbirlər, təqdimat və sərgilər təşkil olunur. 


“Biz zəfər qazandıq! respublika onlayn rəsm müsabiqə-sərgisi”nin qaliblərinin mükafatlandırılması mərasimi də Hərbi Qənimətlər Parkında keçirilib. Təhsil Nazirliyi tərəfindən 3 yaş (6-9, 10-13, 14-17) qrupu üzrə keçirilən müsabiqə-sərgiyə ümumilikdə 1127 rəsm işi daxil olub. Sərgiyə təqdim olunmuş əsərlər Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Hüseynov və Azərbaycan Rəssamlar İttifaqının üzvü Bəşirova İnna Viktorovna tərəfindən qiymətləndirilib.

Onlayn rəsm müsabiqə-sərgisində ikinci yerin qalibi Günay İlqar qızı Bəndəliyeva seçilib. Günay Bəndəliyeva 2007-ci ilin 18 oktyabrda Bakı şəhərində anadan olub. Bakı şəhər, 83 saylı məktəb liseyin IX sinif şagirdidir. Günay Bəndəliyevanın rəsmə böyük həvəsi var. Əsas amalı gələcəkdə bu peşənin bütün incəliklərini öyrənib peşəkar rəssam olmaqdır. O, bu vaxta kimi müxtəlif mövzularda şəkillər çəkib. Xüsusən vətənpərvərlik mövzusuna daha çox maraq göstərir. 

Qalibi olduğu müsabiqə-sərgi ilə bağlı təəssüratları bunu bir daha aydın göstərir: “Belə müsabiqə-sərgilər biz məktəbli və yeniyetmələrdə vətənə, torpağa məhəbbət hisslərinin artırılmasında böyük rol oynayır. Torpaqlarımızın işğaldan azad edilməsi ilə biz dövlətimizin və ordumuzun gücünü bir daha gördük. Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsindəki uğurlarımız, şəhid və qazilərimizlə bağlı şəkillər çəkməkdən qürur duyuram. Böyük fəxr hissi ilə onların qəhrəmanlıqlarını təsəvvürümdə canlandıraraq rəsmlərini çəkirəm. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi - Qarabağ Azərbaycandır! Artıq bu şüar hər bir soydaşımızın, o cümlədən biz məktəblilərin də beyninə həkk olunub. Prezidentimizlə fəxr edirik. Ordumuzla qürur duyuruq! Fəxr edirik ki, azərbaycanlıyıq!”.