136 yaşı olanda qız övladı doğulmuşdu

Azərbaycanda uzunömürlülüyün səbəbi şəfalı sulardır

Bu sirri öyrənmək üçün bulaqlarla bağlı araşdırma aparılmalıdır

Əhməd Qəşəmoğlu: "Anamın dayısı Şirin kişi 132 yaşında vəfat etdi. İnanmazsınız, 90 yaşından sonra yenidən 34 dişi çıxmışdı"


AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Ahıl insanların sağlamlığına multidissiplinar yanaşma” Milli Türk Geriatriya 2021 konqresində iştirak edib.
AMEA-dan bildirilib ki, alim konqres zamanı “Azərbaycanın uzunömürlülük xəritəsi”ni” nümayiş etdirən professor qeyd edib ki, 90+ yaşlı insanlar dünyanın bütün ölkələrində rast gəlinir, lakin uzunömürlülüyün qrup və ya populyasiya fenomeni yalnız bir neçə ölkədə müşahidə olunur ki, onlardan biri də Azərbaycandır.

U.Həşimova Fiziologiya İnstitutu tərəfindən sağlam qocalmanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı respublikada ən yüksək uzunömürlülük indeksi ilə fərqlənən regionların dağlıq və dağətəyi ərazilərə təsadüf etdiyini vurğulayıb. Bildirib ki, 2016-cı ildə Azərbaycanda əhalinin siyahıya alınmasının nəticələrinə görə vaxtilə Qarabağ zonasında yaşayan, sonra isə köçkün həyatı sürən insanlar arasında uzunömürlük potensialı yüksək olaraq qalıb. Uzunömürlülüyün irsiyyətlə bağlılığına toxunan alim, sağlam həyat tərzi, təmiz ekoloji mühit, düzgün qidalanma və s. kimi amillərlə yanaşı, yaşama müddətinin “kodlaşdırılmasında” genetik faktorun rolunu diqqətə çatdırıb.

Fəlsəfə üzrə elmlər doktoru, sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda uzunömürlülüyün səbəblərinin araşdırılması üçün ciddi tədqiqatlar aparılmalıdır:  

- Mən də bu məsələylə maraqlanmışam və gəldiyim qənaət budur ki, uzunömürlülüyə təsir edən ən əsas faktor sudur. İnsan orqanizmi üçün faydalı su harda varsa, orda uzunömürlülərə rast gəlinir. Sovet illərində Lerikdə Şirəli Müslümov yaşayırdı. Lerikin Barzavu kəndinin sakini idi, çoban idi. Onun haqqında məlumatlar bundan ibarətdir ki, 160-dan çox, hardasa 168 yaşınadək yaşayıb. 136 yaşı olanda qız övladı dünyaya gəlib. Sovet vaxtı Lerikə Avropadan alimlər gəlib, Şirəli ilə görüşüblər, aydınlaşdırmağa çalışıblar ki, uzun ömürlü olmasının səbəbi nədir. Kəndin bulaqlarını tədqiq ediblər və uzunömürlülüyə səbəb kimi kəndin suyunu göstəriblər.

Naxçıvanda məşhur Batabat yaylaqları var. O ətrafda 20-dək bulaq var. Mən uşaq olanda, yaşlılardan, ahıllardan eşidərdim, deyərdilər ki, Qoşabulağın suyundan için. 20 bulaq arasında Qoşabulağı xüsusi seçərdilər, onun suyunu məsləhət görərdilər. Bizim ailədə, nəsildə də uzunömürlülər vardı. Anamın dayısı Şirin kişi 132 yaşında vəfat etdi.

İnanmazsınız, 90 yaşından sonra yenidən 34 dişi çıxmışdı. Hamısı da düpbədüz, ağappaq, sağlam dişlər. Soruşurdum ondan ki, Şirin dayı, bu qədər yaşamağının səbəbi nədi? Deyirdi, ay bala, elə yemək ye ki, nə ağzını yandıran olsun, nə də üşüdən. Həm də yeməyi ağızda çox çeynəmək lazımdı. Deyirdi, “qardaşım istini soyuğa qatdı-qarışdırdı, ona görə cavan öldü (86 yaşında!).  Ümumiyyətlə, suyun insan orqanizminə müxtəlif təsirləri məlumdur, o cümlədən də, hesab edirəm ki, uzunömürlülüyə də şəfalı sular səbəb olur. Hesab edirəm ki, uzunömürlülüyün sirrini bilmək üçün bulaqlarla bağlı araşdırma aparılmalıdır.  

Qarabağ əhalisi arasında köçkünlüyə, uzun illər məşəqqətli həyat sürmələrinə baxmayaraq uzunömürlülüyün qorunub saxlanmasına da əlbəttə ki, o yerlərin təbii zənginlikləri, havası, suyu əsas səbəbdir. Uşaq hansı mühitdə böyüyür, haranın havasını alırsa, orqanizmi ona uyğun möhkəm olur. Qarabağ, istər dağlıq olsun, istər dağətəyi məlum məsələdir ki, səfalı təbiətə malikdir, şəfalı bulaqlara malik yerdir. Təbii ki, belə bir ərazidə anadan olub ömrünün bir hissəsini orada yaşamış insanlar nə qədər ağır illər keçirsələr də, maya saf, təmiz olduğu üçün orqanizmləri də möhkəm olur.