Küçələrə zibil atan "zibillər"

"Abırsız, utanmaz adamlar təhlükəlidirlər"

"Özündən utanmırsa, deməli, heç kimdən utanmayacaq"


Sosial şəbəkələrdə yaşlı qadının zibil paketini hərəkətdə olan avtomobilin qapısını açaraq yola atmasını əks etdirən görüntülər yayılıb. “1news.az” saytı hadisəyə toxunaraq yazıb ki, paytaxtda son zamanlar müasir görünüşlü zibil yeşiklərinın sayı artıb. Bu zibil yeşikləri hətta məişət tullantlarının çeşidlənməsinə - ərzaqla, qeyri-ərzaq tullantılarının ayrı-ayrı komplektləşdirilməsinə imkan verir. Əvvəlki vaxtlar deyil ki, zibil yeşiyi tapmaq müşkül olsun. Hər küçədə, məhəllədə, səkilərdə müəyyən məsafələrlə zibil yeşikləri qoyulub. Amma nədənsə, yaşlı xanım əlindəki zibil paketini zibil yeşiyinə atmağa ərinib, avtomobil gedə-gedə zibili ətrafa tullayır.

Qadının yaşlı olması da bir ayrı “dərddi”. Uşaq olsa, tutalım, cavan olsa, düşünərsən ki, qanmazlıq edir. Yaşlı qadının ətrafa, cəmiyyətə bu şəkildə meydan oxuması heyrətli olduğu qədər də iyrənc görünür. Yaşlı insan belə bir hərəkətə yol verirsə, cavandan, gəncdən nə gözləyəsən?!. Belə bir insanın uşağa, gəncə hansısa düzgün öyüd verə biləcəyini düşünmək də absurddur. Məlumatda qeyd olunur ki, vətəndaşın bu vecsiz davranışı qanun pozuntusudur. Birincisi, qadın “Yol hərəkəti haqqında” qanunun maddələrini pozub. Qanuna görə nəqliyyat vəsitəsi hərəkətdə ikən qapını açmaq qadağandır. Nəqliyyat vasitəsinin, istər şəxsi avtomobil olsun, istərsə də ictimai nəqliyyat, pəncərəsindən küçəyə zibil, hər hansı əşya atmaq da qadağandır. Qanun pozuntusu bununla bitmir. “Sənaye və məişət tullantıları haqqında” qanuna görə ətraf mühitin çirkləndirilməsinə görə vətəndaş məsuliyyət daşıyır və bu maddənin icrasına nəzarət DİN-ə tapşırılıb. Onu da qeyd edək ki, video-görüntüdə qanun pozuntusuna yol verən qadının əyləşdiyi avtomobilin dövlət nömrə nişanı aydın görünür; 99 CZ 232. Deməli, DİN-in Bakı Baş Dövlət Yol Polisi İdarəsi məlum dövlət nömrə nişanlı avtomobilin sürücüsünü şöbəyə dəvət edib yaşanan hadisə barədə izahat almaq və qanunun tələbinə uyğun inzibati cəza təyin etmək hüququna malikdir.  İş bununla bitirmi? 

Psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında qanunla cəzalanmanın vacib olduğu qədər ictimai qınağın da əhəmiyyət kəsb etdiyini dedi: 

- Bu cür insanlar ilk növbədə özlərinə hörmət etmirlər. Özünə hörmət qoyan insan bu hərəkəti etməz. Ətraf mühitə, ətrafdakı insanlara hörmət insanın özünə hörmətindən başlayır. Yaşlı bir qadın belə qeyri-etik, ürəkbulandıran hərəkət edirsə, onun mədəniyyət, etika ilə bağlı anlayışları yoxdur, deməli. Nahaq yerə demirlər ki, danış, görüm kimsən.

İnsan var ki, zahirən yaraşıqlı, cazibədar, xüsusilə söhbət qadınlardan gedir, geyimli, baxımlıdır. Vurduğu ətirin qoxusu uzaqdan insanı bihuş edir, amma ağzını açıb danışdımı, üzərindən xətt çəkməli olursan. Zahiri görkəm, yaraşıq insanı tanıtmanın yalnız bir və ən zəif halqasıdır. İnsanı tanıdan onun davranışları, danışığı, ictimai baxışları, insanlara münasibəti, cəmiyyətə münasibətidir. İnsan evində fərddir, cəmiyyət içində isə ictimai varlıqdır. Niyə deyirlər ki, ictimai yerlərdə “bu qadağandır”, “filan iş olmaz” və sair. Çünki biz bir insan və vətəndaş olaraq həm də cəmiyyətə bağlıyıq.

Cəmiyyətin bir üzvüyük. Təsəvvür edə bilərik, hər kəs o qadın kimi evdən çıxardığı zibilini hara gəldi, küçələrə atsın. Ətrafımız hansı görkəmdə olacaq, bəllidir. İnsan hərəkətinə görə birinci özündən utanmalıdır. Özündən utanmırsa, deməli, heç kimdən utanmayacaq. Abırsız, utanmaz adamlar təhlükəlidirlər. Onlardan nə desən gözləmək olar. İnsan özünə nəyi rəva görürsə, ətrafa da onu rəva görür. Bir insan yaşadığı ərazini çirkləndirirsə, özünü çirkləndirmiş olur. 

F.Mehmanqızı bildirdi ki, belə məsələlərdə ən doğru üsul ictimai qınaqdır: 

-  Qanunlar öz yerində, amma ictimai qınaq mütləq lazımdır. Biz toplum olaraq üzləşdiyimiz neqativ hallara qarşı ictimai qınaq bildirməyi öyrənməliyik və tətbiq etməliyik. Bir dəfə təsir etməz, iki dəfə təsir etməz, üçüncü dəfə təsir edər. Həm də insan görəndə ki, ictimai qınaq kütləvi xarakterdədir, yəni bir nəfər yox, bir neçə nəfər etiraz bildirir, mütləq özünü yığışdıracaq.