Ermənistan XİN-dən provokasiya:““Şuşa bəyannaməsi”ni “həzm edə bilmirlər”

“Ermənistan XİN-i, ingilis dilində bütün dünyaya çağırış xarakterli bəyanat yayıb. Bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin Şuşaya səfəri bölgədəki sabitliyə zərər verir. Bütün dünyaya, bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı ərazi üçün müraciət edirlər və hansı formada...”.
Bu sözləri hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
O, bu barədə daha ətraflı “Sherg.az”a danışdı: 

“Əvvəla, onu söyləyim ki, Ermənistan XİN-i etibarlı qurum deyil. Rəhbərsiz fəaliyyət göstərir, heç müavinləri də yerində deyil. Elə isə bəyanatı kim verib?! Görünür, qurumdakı boşluqdan, xaotik durumdan yararlanan bəzi məqsədli qruplar var. Onlar ölkəni yeni provokasiyalara sürükləyirlər. Hətta, ola bilsin, sözügedən açıqlamada Ermənistan rəhbərliyinin siyasi iradəsi yoxdur. Sadəcə bəzi qruplar Azərbaycan və Türkiyənin qazandığı uğurları, “Şuşa bəyannaməsi”ni “həzm edə bilmirlər. Beləliklə, Ermənistanın “əli ilə” regiondakı sabitliyi pozmağa çalışırlar”.

H.Səhrablı, həmçinin açıqlamanın məntiqsiz olduğunu dedi:

 “Ermənistan daxil olduğu beynəlxalq təşkilatların şərtlərini qəbul edir və etməlidir. Amma XİN Azərbaycanın Şuşanı işğal etdiyini deyir. Hərçənd bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT, Aİ, ATƏT və başqaları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Qarabağı bizim torpaqlarımız kimi tanıyırlar”.