“İnternet televiziyalarına əngəllər yaratmaq olmaz”

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Media haqqında” qanun layihəsində televiziya və radio yayımına dair əsas yenilikləri açıqlayıb. MTRŞ-dən bildirilib ki, “Media haqqında” qanunda televiziya və radio yayımında əsas yeniliklər kimi, məzmun üzrə cavabdehlik daşıyan yayımçılıq, retranslyasiya xidməti həyata keçirərək məzmun üzərində cavabdehlik daşımayan operator fəaliyyətinin ayrılması, tezlik və peyk tutum resursları tələb edən audiovizual media fəaliyyətinin müsabiqə əsasında lisenziyalaşdırılması, digər audiovizual media fəaliyyəti üçün isə sadələşdirilmiş lisenziya alınması prosedurun tətbiqini qeyd etmək olar.

Bildirilib ki, qanun layihəsində internet televiziya kanallarının lisenziyalaşdırılması üçün sadələşdirilmiş sistem nəzərdə tutulub: “Bunun üçün sadəcə olaraq qanunda müəyyən edilmiş tələblərə cavab vermək və MTRŞ-ə müraciət etmək lazım olacaq. Media subyektləri üçün təsbit olunan ümumi tələblərdən başqa, internet televiziya kanalları üçün spesifik iki tələb müəyyən olunub.

Birinci tələb odur ki, kanalın özünün saytı olmalı və həmin saytdan yayım aparmalıdır. İkinci tələb isə bu yayımın gün ərzində minimum müəyyən saat olmasıdır.

İlkin olaraq 8 saat nəzərə almışdıq, lakin bir sıra populyar internet kanalların rəhbərləri ilə məsləhətləşmələrdən sonra bunun 6 saata salınması üçün qanun layihəsində dəyişiklik olunması ilə bağlı təklif verəcəyik. Təbii ki, bu tələbin də artıq olması barədə fikirlər olacaq. Lakin bilməliyik ki, həftədə 1-2 dəfə bir neçə saatlıq efirə çıxaraq videobloginqlə məşğul olmaq audiovizual media fəaliyyəti ilə məşğul olmaq kimi qəbul edilə bilməz”.  

 Media eksperti Zeynal Məmmədli sözügedən qanun layihəsini “Sherg.az”a qiymətləndirdi:

“İnternet televiziyaları insanların məlumat azadlığının artırılması deməkdir. Televiziyalar qanundankənar fəaliyyətlə məşğul olmurlarsa, onların yayımına məhdudiyyətlər qoymaq, əngəllər yaratmaq düzgün deyil. Bu, demokratik cəmiyyətə uyğun deyil. Və kimlərisə özümüzə güldürmək deməkdir. İnkişaf etmiş ölkələrdə, qonşularımızda belə deyil. Hər halda MTRŞ qanun layihəsinin tələblərini, meyarlarını əsaslandırmalıdır”.