İran dəyişən deyil! - “Molla rejimi islahatlar həyata keçirmir”

“Odur ki, kimin prezident seçilməsindən asılı olmayaraq, bunun cəmiyyətin inkişafı istiqamətində müsbət təsiri olmayacaq”

İranda 13-cü prezident seçkilərində səsvermə davam edir. Dövlət başçısı vəzifəsi uğrunda dörd siyasətçi mübarizə aparır. İranın daxili işlər naziri Əbdülrza Rahmani Fəzlinin bəyanatına görə, seçkilərin ilkin nəticələri səsvermənin tamamlanmasından iki gündən gec olmayaraq elan ediləcək. Xaricdəki İran vətəndaşları dünyanın 133 ölkəsində səs verə bilərlər. Ölkədən xaricdə 234 seçki məntəqəsi açılacaq. İranın səsvermə hüququ olan vətəndaşlarının ümumi sayı 52,31 milyon nəfərdir.

Prezident seçkilərinin favoriti İbrahim Raisi hesab edilir. Altmış yaşlı siyasətçi 2019-cu ildən İran məhkəmə orqanlarının başçısı postunu tutur, o, əvvəllər baş prokuror olub. Raisi seçkiqabağı kampaniyasının gedişatında yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. 2017-ci ildə Raisi prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub. Ondan başqa, prezident postu uğrunda Möhsen Rezai də mübarizə aparır. O, 1980-90-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq edib. İranın prezident vəzifəsinə həmçinin Mərkəzi Bankın sədri Abdulnaser Hemmati və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi də namizəddir.

İslam Respublikasının hazırkı prezidenti Həsən Ruhani seçkilərdə namizəd kimi iştirak hüququna malik deyil. Çünki o, bu vəzifəni ardıcıl iki dəfədir icra edir.

BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli seçkilərin nəticəsi barədə “Sherg.az”a danışdı. Onun fikrincə, bu, formal xarakter daşıyır: 

“Son vaxtlar islahatçılar fəallaşıblar. Amma İranda islahat aparmaq faktiki olaraq çətindir. Çünki dini qurumların yerli idarəetmə sisteminə ciddi təsiri var. Düzdür, əvvəllər olduğu kimi, yenə də ajiotaj yaradırlar. Guya islahatçılarla mühafizəkarlar arasında ciddi mübarizə gedir. Əslində isə həmin açıqlamalar təmtəraqlı ifadələrdən başqa bir şey deyil. Cəmiyyət arasında inkişafa meyil var. Çünki daxili iqtisadi vəziyyət çox ağırdır. Fəqət, molla rejimi islahatlar həyata keçirmir. Odur ki, kimin prezident seçilməsindən asılı olmayaraq, bunun cəmiyyətin inkişafı istiqamətində müsbət təsiri olmayacaq”.