“İki ölkənin münasibətiləri yeni müttəfiqlik müstəvisində inkişaf edəcək” – Deputat 

“Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın Milli Məclisdə etdiyi çıxışı tarixi və strateji əhəmiyyətə malikdir”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib. 
Deputat bildirib ki, Türkiyə prezidenti öz çıxışında regionda uzunmüddətli sülhün bərqərar olunmasına xidmət edəcək çağırışlar etdi: 

“Bu, regionda kommunikasiyaların açılması, avtomobil və dəmir yol vasitəsilə nəqliyyatın sərbəst hərəkətinə xidmət edən Zəngəzur dəhlizinin istifadəyə verilməsi və altılıq platformada əməkdaşlığın davam etdirilməsi ilə bağlıdır. Ermənistan yürütdüyü işğalçılıq siyasəti və qonşu ölkələrə saxta torpaq iddiaları ilə  son 30 ildə özü-özünü blokadaya salıb. Türkiyə prezidenti Ermənistana etdiyi çağırışda düşmənçilik meyllərindən əl çəkərək əməkdaşlığa çağırdı. Təbii ki, bu, Ermənistanın Moskvaya və digər ölkələrə yolların açılmasına və blokadan çıxmasına gətirib çıxaracaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda “altılıq” platform çərçivəsində Azərbaycana, Türkiyəyə, Rusiyaya, Gürcüstana, İrana və Ermənistana yeni imkanlar açacaq. Zəngəzur dəhlizinin açılması reallıqdır və bu reallığı Ermənistan nə qədər tez qəbul edərlərsə, o qədər də tez regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının yolu açılar”.