Sensasion İDDİA:“Siyasi islamı hakimiyyətə gətirmək istəyirlər”

“Prosesi bir an olsun nəzarətsiz qoymaq olmaz”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən azərbaycanlıların müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb və ölkəmizə gətirilib.

Həmçinin müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.

Baş verənləri “Sherg.az”a dəyərləndirən keçmiş MTN zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl bildirib ki, 2000-ci illərin əvvəllərindən başlayaraq, Azərbaycanda radikal dini birləşmələr konkret olaraq vəhabilik istiqamətində Suriyada İŞİD-ə qoşulmaq üçün yerlərdə radikal təşkilatlar yaratdılar:

“Adlar olmasa da, məlum idi ki, müxtəlif bölgələrdə müəyyən qruplaşma prosesi gedir. Xüsusilə, Sumqayıtda, şimal bölgəsində, Gəncə və Tərtər istiqamətində daha çox idi.

Təəssüf ki, o dövrün Milli Təhlükəsizlik naziri Eldar Mahmudov bu məsələlərə çox səthi yanaşdı. Ona görə də ölkəmizdə 950 nəfərə yaxın şəxs, bəziləri ailələri ilə birlikdə qeyri-qanuni silahlı birləşmələrdə fəaliyyət göstəriblər.

İŞİD darmadağın ediləndən sonra bir sıra azərbaycanlı ailəsi ilə bərabər İraqda həbs edildi. Onlar qanunsuz silahlı birləşmələrdə iştirak edirdilər. Onların gətirilməsinə dair problem hələ də qalmaqdadır. Bu istiqamətində diplomatik işlər aktiv aparılmır. Görünür, qadınlar da vuruşublar, çünki işin istintaqı gedir”.

İ.İsmayıl qeyd edib ki, DTX son illər Azərbaycanda müxtəlif yerlərdə bu işlə məşğul olanlarla ciddi mübarizə aparır:

“Qanunsuz qruplaşamaların əsas mərkəzləri ləğv edildi. Onların cihad adı ilə kimisə harasa göndərməsi dayandırıldı. Çünki DTX bu işə aktiv nəzarət edir. Hətta əvvəllər əl-ayaqları o dərəcədə açılmışdı ki, ölkəmizdə terror törətməyə də cəhd edirdilər. Hesab edirəm ki, radikal dindarlar və perspektivdə hansısa qanunsuz silahlı birləşmələrdə iştirak xeyli aşağı düşüb. Nəzarət güclüdür. Hazırda bu qruplaşmaların Azərbaycan üçün böyük təhlükəsi yoxdur.

Amma onlar elə həssas zümrədir ki, prosesi bir an olsun nəzarətsiz qoymaq olmaz. Əks halda məqsədləri dini etiqad və inanc yox, dövlətin siyasi xəttinə qarışmaq, siyasi islamı hakimiyyətə gətirməkdir”.