AVRO-2020: Portuqaliya Almaniya ilə, Polşa İspaniya ilə üz-üzə

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, görüşlərdən ikisi F, biri isə E qrupunda oynanılacaq.

Günün ilk matçı F qrupunda Macarıstan və Fransa yığmaları arasında olacaq. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu ingiltərəli Maykl Oliver idarə edəcək. İlk turda Almaniyanı 1:0 hesabı ilə məğlub edən Fransa qələbə qazanacağı təqdirdə 1/8 final mərhələsinə vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə son çempion Portuqaliya Almaniya ilə üz-üzə gələcək. Münhendəki eyniadlı stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu qarşılaşmanın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. İlk oyunda macarları 3:0 hesabı ilə üstələyən Portuqaliya güclü rəqibinə də qalib gəlsə, növbəti raundda iştirakı rəsmiləşdirəcək.

Günün son matçında 3 qat Avropa çempionu Polşanı sınağa çəkəcək. Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionundakı matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu italiyalı Daniele Orsato idarə edəcək. İspanlar ilk oyunda İsveçlə qolsuz heç-heçə edibsə, Polşa Slovakiyaya 1:2 hesabı ilə uduzub.

Avropa çempionatı

F qrupu, II tur

17:00. Macarıstan - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə)

Budapeşt. "Puşkaş Arena"

20:00. Portuqaliya - Almaniya

Baş hakim: Entoni Teylor (İngiltərə)

Münhen. "Münhen Arena"

23:00. İspaniya - Polşa

Baş hakim: Daniele Orsato (İtaliya)

Sevilya. "Estadio La Cartuja" stadionu