Onsuz da film çəkiləcək, Fulya yenə seviləcək... 


Azərbaycanda olarkən ondan müsahibə almağı çox istəmişdim. Alınmamışdı. Amma operatoru Halil Kahramanla söhbətləşmişdim. Dostlaşmışdıq. Bayaq mesaj yazdım: "Fulya xanıma çatdırın ki, biz dost yox, qardaşıq və başımızın üstündə yeriniz var".
 


 44 günlük müharibədə yanımızda olan, informasiya təminatını uğurla həyata keçirən və bu müddətdə xalqın sevgisini qazanan türkiyəli həmkarımız Fulya Öztürkü deyirəm. O Fulya ki, qadın olduğu halda ən qaynar nöqtələrə getməkdən, bəlkə də, canlı hədəfə çevrilməkdən çəkinmədi, qorxmadı. Çünki təkcə peşəkar deyil, həm də vətənpərvərdir. Onun üçün Türkiyə nədirsə, Azərbaycan da odur. Əks halda əsla belə effekt olmazdı. Əminliklə və tam məsuliyyətimlə deyirəm, jurnalistə nə qədər maaş, qonorar, mükafat verilir- verilsin, əgər o, işlədiyi mövzunu duymur, hiss etmirsə, faydasızdır. Heç bir məbləğ insanın canından şirin deyil. İnsan yalnız daha müqəddəs olan uğrunda mübarizə aparanda   həyatını təhlükəyə atır. Bu isə torpaqdır, vətəndir. 
 Azərbaycanın Fulya Öztürkün baş qəhrəmanlarından biri olduğu "Fulya" sənədli  filmini çəkməsi ölkəmizdə birmənalı qarşılanmadı.

İki- üç gündür müzakirələr gedir. Bəziləri bunu lazımsız hesab edirlər. Öncə onu xatırladaq ki, ekran işi jurnalist barəsində yox, Azərbaycanın tarixi qələbəsi və informasiya cəbhəsindəki mübarizəmiz haqqındadır. İkincisi, başa düşürəm ki, bu, həmin media nümayəndəsinə təhkim edilən vəzifə idi və işini  uğurla gördüyünə görə mükafatlanıb. O da doğrudur ki, bizim "Fulya" filmini çəkmək kimi öhdəliyimiz yoxdur. Amma təşəbbüs qaldırılıbsa, işə başlanılıbsa, "pəl vurmağın" nə adı var?! Niyə alqışlamayaq, təqdir etməyək? Niyə həmkarımızın sevincini gözündə qoyaq? Nə üçün hər cür imkandan istifadə edərək göstərməyə çalışaq ki, Fulya qeyri- adi bir iş görməyib və bu cür diqqətə layiq deyil? Əgər belədirsə, Fulya olmaq bu qədər asandırsa, filmi yersiz hesab edənlər, siz niyə könüllü şəkildə Türkiyəyə getmirsiz, oradakı "qaynar nöqtələrdə" olub, qardaş ölkənin PKK ilə mübarizəsini işıqlandırmırsınız?! Axı sizin məntiqinizlə hər bir peşəkar jurnalist üçün bu adi haldır. Deməli, ya peşəkar olmadığınızı etiraf edirsiniz, ya da...
  Keçək məsələnin siyasi tərəfinə. Məlum olduğu kimi, "Şuşa bəyannaməsi"ndən sonra iki qardaş ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoydu. Bunu bütün dünya gördü. İndi neqativ yüklü fikirlərlə beynəlxalq ictimaiyyətdə, o cümlədən "bir himə bənd olan" Fransada "Qardaş qardaşa paxıllıq edir" kimi rəy yaratmağa nə ehtiyac var?! Onsuz da film çəkiləcək, Fulya yenə seviləcək... Həmkarlarımızdan birinin dediyi kimi, Fülyanı ağlatdınız, dincəldiz?! Qələmdaşımızın sözünə qüvvət, əlinizə nə keçdi?! Məncə, heç nə. 
 Kimisə ilahiləşdirmək fikrim yoxdur. Amma, gəlin, etiraf edək ki, Fulya "Dördüncü hakimiyyət", "Cəmiyyətin güzgüsü" statuslarına tam uyğun jurnalistdir. Və Azərbaycanın haqq səsinin eşidilməsi üçün ciddi işlər gördü. Bunu qəbul etsəniz, hər şey düzələcək...

P.S: Əsas sual budur: Fulya Öztürklə bağlı filmin çəkilməsi xeyli vaxtdır məlum olduğu halda niyə son günlərdə müzakirəyə çıxarıldı? İntiusiyam deyir ki, cavab "Filmə ehtiyac yoxdur" deyənlərdədir.