Partiya sədri: "Azərbaycan və Türkiyə Cənubi Qafqazı sülh regionuna çevirmək istəyir”

“Türkiyənin Şuşada Baş konsulluğunu açacağını bəyan etməsi olduqca mühüm məsələdir”. 

Bu sözləri “Sherg.az”a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 



Partiya rəhbəri bildirib ki, Şuşada Türkiyənin Baş Konsulluğunun açılması Türkiyənin bölgədə mövqeyinin daha da möhkəmlənməsi və gücünün artması deməkdir: 

“Bu isə heç şübhəsiz, Azərbaycanın maraqlarına uyğundur. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin strateji müttəfiqliyinin dərinləşməsi üçün yeni səhifədir. Bəyannaməsini təkcə Azərbaycan və Türkiyə üçün əhəmiyyət kəsb edən sənəd kimi qiymətləndirmək olmaz. Bu anlaşmanın bölgəmiz və eləcə də bütün Türk dünyası üçün olduqca böyük tarixi əhəmiyyəti var. Rəsmi Bakı və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri də 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışı oldu. Bu çağırışın liderlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ilk dəfə hələ keçən ilin dekabrın 10-da Zəfər Paradının tribunasından səsləndirildiyini hamımız yaxşı xatırlayırıq. Şuşadan verilən mesajlar bir daha onu göstərdi ki, hər iki ölkə bundan sonra da bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib”.

Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə bütün region dövlətlərini “altılıq” platforması çərçivəsində bu əməkdaşlıq prosesində görmək istəyir. Bunun yolu isə ilk növbədə Zəngəzur dəhlizinin açılmasından keçir: 

“Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasının həm iki qardaş ölkə arasında, həm də region ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini hesab edir. Eyni zamanda, sözügedən dəhlizin açılması Çindən və Orta Asiyanın türkdilli respublikalarından tutmuş Avropa Birliyi ölkələrinə qədər, nəhəng bir coğrafiyanın bütün subyektləri üçün yeni iqtisadi və logistik imkanlar açacaq. Ermənistanı idarə edən və ya idarə etmək istəyən qüvvələrin ağlı varsa, konstruktiv mövqe tutmalı, revanşist şüarlardan əl çəkib sülh və əməkdaşlıq müstəvisinə keçməlidirlər. Ermənistan da bu yeni imkanlardan yararlanmalıdır. Əks təqdirdə, itirən yalnız Ermənistan olacaq”.