Cəlil Cavanşir bədbindir! - “İki günə bir kitab belə satmayanda...”

Bu günlərdə yazar-şair Cəlil Cavanşir səyyar kitab satışı ilə məşğul olacağını söyləyib. Yazar bu barədə Feysbuk hesabında bildirib:
“Səyyar kitab satışına başlamaq istəyirəm. İlkin olaraq müəllifi olduğum "Eşq və intihar" və "Azğın" kitablarımdan, şəxsi kutabxanamdakı avtoqrafsız kitablardan başlamağı düşünürəm.
Məkan olaraq “Qış parkı”, “AzDrama”nın həndəvərini düşünürəm. Axşamlar 6-dan sonra kitab sataraq küçə ticarətinə qurşanmaq niyyətindəyəm. Sabah və birisigün hava çox isti olmasa, niyyətliyəm. Başlayar-başlamaz elan verəcəm, məkanı bildirəcəm”.

Yazar səyyar kitab satışı ilə bağlı “Sherg.az”a açıqlamasında bildirib ki, belə bir qərarı özü verib:

“Düşündüm ki, həm kitablara bir az diqqət olsun, həm də maddi problemlərimi kiməsə ehtiyac olmadan ödəyim. Ona görə də belə təşəbbüslə çıxış etdim. İki gün kitab satışı ilə məşğul oldum, sonra isə qərara gəldim ki, bu işi görmək lazım deyil. Ölkəmizdə kitaba heç bir maraq yoxdur. İki gün ərzində bir kitab belə satmayanda insan ruhdan düşür. Düşündüm ki, kitabları sata bilmirəmsə, bu işlə məşğul olmağa dəyməz”.