Yeni mərhələ başlayıb:“Rusiya regionda neytrallaşdırılır” - ABŞ-ın iradəsi... 

Vyanada İranın nüvə proqramı ətrafında aparılan danışıqların gedişində ABŞ-ın eks-prezidenti Donald Tramp zamanında İrana qarşı iqtisadi sahədə tətbiq olunmuş mindən çox sanksiyanın aradan qaldırılması barədə razılıq əldə edilib. Bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bəyan edib. O qeyd edib ki, Tramp dövründə İrana qarşı tətbiq edilmiş 1040-a yaxın sanksiya aradan qaldırılacaq. M.Vaezinin sözlərinə görə, hazırda danışıqlar masasında Trampın hakimiyyətindən öncə qüvvəyə minmiş sanksiyaların ləğvi məsələsi müzakirə olunur.

 “Sherg.az” olaraq tərəflər arasındakı münasibətlərin Cənubi Qafqaza təsiri barədə MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə apardıq:

- Vaşinqtonla Tehran arasındakı əlaqələr gələcək perspektiv üçün nələr vəd edir?

- Danışıqlar müsbət nəticələnir. Avqusta kimi bir çox sanksiyaların ləğvi gözlənilir. Ümumiyyətlə, tərəflər arasında yeni mərhələ başlayıb. Və baş verənlər dünya nizamına ciddi təsir edəcək.

- Dialoq mühitinin formalaşmasında ölkələrin maraqları nədir?

- ABŞ Yaxın Şərqdə Rusiya-Çin-İran ittifaqını zəiflətmək istəyir. Və buna nail olur. İran isə sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmağa məcburdur. Bunun üçün öhdəliklərə əməl etməlidir ki, sanksiyalar aradan qalxsın. Vaşinqton bəzi sanksiyaları qüvvədə saxlamağa çalışsa da, bu, Tehran üçün arzuoluan  deyil. Tərəflər arasında diplomatik münasibətlərin yaranmasından danışmaq isə tezdir. Buna nə ABŞ hazırdır, nə də İran.

- Bayden administrasiyası Yaxın Şərqlə bağlı siyasətini Cənubi Qafqazda da tətbiq edə  və Rusiyaya qarşı bufer-dövlət yarada bilərmi?

- İnanmıram. Bakı və Ankara bunu qəbul etməz. ABŞ onsuz da Türkiyə vasitəsitəsilə regionda Rusiyanı neytrallaşdırır. Bəlkə də, Vaşinqton dediyiniz məsələni həyata keçirmək istəyər. Amma reallığı başa düşür. Bilir ki, Moskva kimi Tehran da Azərbaycan və Türkiyəyə qarşı düşmənlik siyasəti yeridir. Həmçinin İranın regionda dayaqları yoxdur. Bu, iki qardaş dövlətin koordinasiyalı siyasəti nəticəsində mümkün olub. Yəni ABŞ-ın Yaxın Şərq və Cənubi Qafqaz siyasətləri fərqlidir.

- Ermənistandakı seçkilərin nəticəsi bu proseslərə necə təsir edəcək?

- Beləliklə, Rusiyanın regiondakı təsir gücü zəiflədi. Deməli, ABŞ-ın İrandan istifadə etməsinə, ümumiyyətlə, ehtiyac yoxdur. Yeni hakimiyyətin Azərbaycan və Türkiyə ilə münasibətləri daha yaxşı olacaq, nəinki İranla.