"Cümhuriyyət adamı" gəlir

"Şirməmməd müəllimin arxivini istəyənlər çoxdur, ancaq vermirəm"

Ülkər Hüseynova: "Çünki hələ özüm araşdırma aparıram. Hamısını kitab halında nəşr edəndən sonra yığışdırıb Arxiv İdarəsinə təhvil verəcəm"


Dünən Azərbaycan mətbuat tarixinin əvəzedilməz tədqiqatçısı, jurnalistikanın görkəmli simalarından olan böyük şəxsiyyət, pedaqoq, professor Şirməmməd Hüseynovun vəfatının ikinci ildönümü idi. Tədqiqatçı-alim 2019-cu ildə, 95 yaşında dünyasını dəyişib. Ötən il olduğu kimi bu il də professor məzarı başında yad edilib. Tələbələri, media nümayəndələri mərhumun ruhuna dualar oxuyublar. Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsinə qəbul olub.

1954-cü namizədlik dissertasiyası müdafiə edib. 1976-1988-ci illərdə Bakı Dövlət Universitetinin mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. Müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolu hamıya yaxşı məlumdur. Gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd müəllim elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirib. O, hər zaman tələbələrlə müəllimləri bir komanda kimi ətrafında birləşdirə bilib. Daim həqiqətin, ədalətin, azad sözün tərəfdarı olub. Buna görə də təkcə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanıb. Ş.Hüseynov həm də fenomenal şəxsiyyət idi. 95 yaşında  mükəmməl, çox güclü yaddaşa malik idi. Hər sözündə, söhbətində konkret mənbələrə, faktlara istinad edirdi, sitatlar gətirirdi. Professorun Azərbaycan Xalq Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində və təbliğində də xüsusi xidmətləri olub. Alim uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən tədqiqatçı inadkarlığı ilə arayıb-axtarıb, üzə çıxararaq nəşr etdirib. Müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir. Nəşrlərin hər biri istər alimlər, istər tələbələr, istərsə də oxucular üçün zəngin xəzinə hesab olunur. Tanınmış jurnalistlər də sosial şəbəkədə Şirməmməd Hüseynovla bağlı qısaca fikirlərini bölüşüblər. 

Professor Qulu Məhərrəmli yazıb ki, Ş.Hüseynov namuslu həyatı, millət sevgisi və əsərləri ilə bir ləyaqət məktəbi yaratdı: “O, Cümhuriyyət qığılcımından bir ocaq qaladı. Həmin tarixin və o tarixi yaradanların ruhunu bu günümüzə daşıdı. Millət  yaddaşının keşikçisinə çevrildi. Professor Şirməmməd Hüseynovun vəfatından iki il keçir. Sevgi və ehtiramla anırıq!”. 
Mətbuat Şurasının sədri Əflatun Amaşov da qeyd edib ki, görkəmli mətbuat adamının vəfatından, cismani yoxluğundan iki il ötür: “Hər zaman bizimlədir o ali ruh. Baxışları, ideyaları, vətənpərvərliyi, ziyalılığı, alimliyi, pedaqoqluğu və nəhayət, jurnalist peşəkarlığı ilə örnək şəxsiyyətdir Şirməmməd Hüseynov. Şirməmməd müəllim zirvədir, etalondur. Allah sənə rəhmət eləsin, ruhu Azərbaycan olan Böyük insan”. 

Tədqiqatçı-alimin vəfat ildönümündə həyat yoldaşı, jurnalist Ülkər Hüseynova ilə də əlaqə saxladıq. Alimin ömür-gün yoldaşı “Şərq”ə açıqlamasında Şirməmməd Hüseynovun vəfatından sonra ikinci kitabının işıq üzü görəcəyini söylədi:

“Şirməmməd müəllimin vəfatının birinci ildönümündə ona həsr etdiyim 350 səhifəlik “Sizdən bir də olmayacaq. Əlvida” kitabı nəşr edildi. Kitabda Azərbaycan mətbuatında Ş.Hüseynov haqqında yazılmış məqalələr toplanmışdı. Vəfatının ikinci ildönümünə də yeni kitab hazırlamışıq. Haqqında yazılanların toplusudur. “Cümhuriyyət adamı” adlı ikinci kitabı artıq çapa vermişəm. İndi çap mərhələsindədir. Siqnalları gəlir, yaxın günlərdə nəşr ediləcək. Bilirsiz, Şirməmməd müəllim haqqında tələbələri, həmkarları, tanışları yazmaqdan yorulmurlar. Elə tələbəsi var ki, müəllimi haqqında dəfələrlə yazır, amma doymur. Sağlıq olsun, ikinci kitab çıxanda sizə də göndərərəm, oxuyarsız”. 

Ü.Hüseynova Şirməmməd Hüseynov haqqında növbəti əsərlərin nəşr olunacağının anonsunu da verib:

“Fikrimdə, planımda var. Şirməmməd müəllimin arxivində maraqlı məqalələr durur. Onları da toplayaraq nəşr etdirməyi düşünürəm. Çox zəngin arxivi var. Mənə müraciət edənlər, istəyənlər çox olur. Arxiv İdarəsindən də istəyiblər. Amma hələlik arxivi vermirəm. Çünki hələ özüm araşdırma aparıram. Hamısını kitab halında nəşr edəndən sonra yığışdırıb Arxiv İdarəsinə təhvil verəcəm. O qədər dəyərli arxiv materiallarını evdə saxlamağın mənası yoxdur”.