Rusiya Zəngəzura hərbi baza yerləşdirmir

Bölgədə sadəcə 102-ci hərbi bazanın dayaq məntəqəsi olacaq

"Əslində bu addım 10 noyabr üçtərəfli sazişinə istinadən atılır. Sazişə görə, Zəngəzur dəhlizinin təhlükəsizliyi Rusiya hərbçiləri tərəfindən mühafizə ediləcək"

Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Sünikdə (Zəngəzur) Rusiya hərbi bazasının fəaliyyəti üçün Moskvaya nümayəndə heyəti göndərəcək. Bu məqsədlə Ermənistanın nümayəndə heyəti iyunun 26-da Moskvaya səfər edəcək. Səfərin məqsədi hərbi baza ilə bağlı məsələləri müzakirə etməkdir. İclas çərçivəsində Sünik vilayətində hərbi bazasının fəaliyyət göstərməsi üçün lazım olan daşınmaz əmlak və torpaq sahələrinin Rusiya tərəfinə verilməsi ilə bağlı məsələlərə baxılacaq. Müzakirələrin iyulun 1-dək davam edəcəyi deyilir. Xatırladaq ki, Azərbaycanla sərhəddə yerləşən Sünik vilayətində Rusiyanın 102 saylı hərbi bazasının iki dayaq məntəqəsi yaradılıb.

Rusiya hərbi bazasının genişləndirilməsi haqda bir müddət əvvəl Müdafiə naziri Vaharşak Harutunyan da məlumat vermişdi. Nazir bildirmişdi ki, hərbi bazadan əlavə, Ermənistandakı rus sərhədçilərinə əlavə funksiyalar həvalə olunacaq: “Ermənistandakı rus sərhədçilərinə verilən bütün tapşırıqlar ən yüksək səviyyədə yerinə yetiriləcək. Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən regionda mövcud hərbi-siyasi reallıqlar nəzərə alınıb və bazanın silahlanmasının gücləndirilməsi yolunda addımlar atılıb. Əminəm ki, bu proses uzunmüddətli xarakter daşıyacaq”. Rusiyanın 102 saylı bazası 1995-ci il dövlətlərarası sazişə əsasən, Ermənistanın böyüklüyünə görə ikinci şəhərində - Gümrüdə yerləşdirilib. 2010-cu ildə Rusiya və Ermənistan bazanın yerləşdirilməsi haqda sazişin müddətini 2044-cü ilə qədər uzadıblar. Baza Rusiyanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. 



Politoloq İlqar Vəlizadə “Şərq”ə bildirib ki, həyatda sadəcə ağ və qara rənglər yoxdur, onların müxtəlif çalarları da var. Ekspertin sözlərinə görə, eynilə siyasət də belədir:

“Paşinyan qərbyönlüdür, daxilən Qərbin prinsiplərinə meyillidir. Amma reallıq odur ki, Ermənistanın təhlükəsizliyini birbaşa Rusiya təmin edir. Nəzərə alaq ki, Ermənistan NATO-nun deyil, KTMT-nin, Avropa Birliyinin deyil, Avrasiya İqtisadi Birliyinin üzvüdür. Bu, institusional reallıqdır. Ermənistan formal olaraq Rusiyaya bağlıdır və Kremldən istədiyi zaman qopa bilməz. İrəvanın Qərbə doğru addımlar atması mümkündür. Lakin Moskva istənilən zaman məhdudiyyətlər qoymaqda sərbəstdir və səlahiyyət sahibidir. Rusiyanın Zəngəzura gətirdiyi isə hərbi baza deyil. Ermənistanda Rusiyanın sadəcə bir hərbi bazası var və o da Gümrüdə yerləşir”. 

Analitikə görə, Ermənistan kimi ölkədə üç-beş rus hərbi bazasının olmasına ehtiyac yoxdur:

“102-ci bazadan başqa hərbi baza olmayacaq. Zəngəzura gətirilən iki hərbi obyekt isə 102-ci hərbi bazanın dayaq məntəqəsidir. Zəngəzurun cənub hissəsində, Mehri şəhərində Rusiya Təhlükəsizlik Xidmətinin üç dayaq məntəqəsi olacaq. Mayın axırında bununla bağlı qərar verilib. Bu da Rusiyanın Ermənistanda, konkret həmin bölgədə hərbi mövcudluğunun artırılması deməkdir. Əslində bu addım 10 noyabr üçtərəfli sazişinə istinadən atılır. Sazişə görə, Zəngəzur dəhlizinin təhlükəsizliyi Rusiya hərbçiləri tərəfindən mühafizə ediləcək. Proseslər bu məsələnin ətrafında gedir. Bunun Azərbaycana hansısa mənfi təsiri olmayacaq, ola da bilməz. Necə ki, müharibə zamanı 102-ci hərbi bazadan real təhdid görmədik. Ermənistanda üç-beş dayaq məntəqəsinin artması heç nəyi dəyişmir. Onsuz da bütün məsələləri Rusiya ilə müzakirə edirik və yekun qərarı Bakı və Moskva verir”.