Elçibəy anıldı: Ərturqut Xiyabanı niyə tez tərk etdi? - Maraqlı detallar!

2019-cu ilin Yanvar ayıdır. Universitet rəhbərliyi bizi- tələbələri şəhidlərimizi ziyarət etməyə aparır. Bütün fakültə İncəsənət gimnaziyasının qarşısında toplaşıb. Oradan Şəhidlər xiyabanına piyada getməliyik. Hər kəs gəldikdən sonra yola düşürük. Yeraltı keçidlə yolun o biri tərəfinə keçib, ünvana doğru irəliləyirik. Birinci Fəxri Xiyabanın yanı ilə addımlayırıq.
Qəfildən başımı sağa çevirirəm və onu görürəm. Ayaq üstə dayanıb, əllərini üst-üstə qoyub, yola baxır. Şam ağaclarının əhatəsindəki bu heykəl günəş kimi şəfəq saçır. Hə, odur, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy.

Mən onunla eyni dövrdə yaşamamışam. Vəfatından 3 ay sonra dünyaya gəlmişəm. Adını nə məktəbdə, nə də evdə eşitmişəm. Ağlım kəsəndə özüm öyrənib, tanımışam. Bilmişəm ki, dünyadan millətini son nəfəsinə qədər sevən, xalqı üçün ən gözəl çağlarını qurban verən Əbülfəz Elçibəy keçib.
Hələ yeni-yeni tanıyıb, dərk etdiyim adamın heykəlini görəndə sevincimi gizlədə bilmədim. Yaşımın azlığı ilə əlaqəli bir məlumatsızlıq, həm də rayonda böyüməyimdən qaynaqlanan paytaxta yadlıq var idi. Bu üzdən Bəyin məzarının Bakıda olduğunu bilmirdim. Ona görə həm təəccübləndim, həm də sevindim. Şəhidlərimizdən sonra Elçibəyi ziyarət etdik. O gün qərar verdim ki, vaxt tapdıqca zaman-zaman bura gəlib, Bəyə baş çəkəcəm.
Hə, dünən -2021-ci ilin iyununda yenə Birinci Fəxri Xiyabandayam. İyirmi dörd iyun Əbülfəz Elçibəyin doğum günüdür. Əlimdəki iki qərənfil ilə qapıdan içəri daxil olub, onun məzarına tərəf irəliləyirəm.

Çatan kimi Elçibəyin qardaşı oğlu, “Bəyaz Hərəkat” təşkilat komitəsinin sədri Hürrü Əliyev ilə qarşılaşıram. Hürrü bəylə salamlaşıb, bir-iki dəqiqə söhbət edirik. O, deyir ki, Elçibəy təkcə Azadlıq Hərkatının lideri, eks-prezident deyil,  həm də bir məfkurə adamı idi:

“Elçibəy türk millətinin milli ideoloji savaşının müasir tariximizdə ən öndə gedən davamçısı idi. Bugünkü və dünənki gəncliyin də Elçibəy eşqi onun millətinə olan sevgisinə və həmin  yolda, davada, milli ideoloji sistemdə olduğuna görədir.  O yolda canını fəda edən bir lider kimi görüldüyü üçün sevilir”.

Qeyd edim ki, Hürrü bəy Elçibəyə sima olaraq çox oxşayır. 

Söhbəti tamamlayıb əlimdəki qərənfilləri yerinə qoymaq üçün Bəyin məzarına tərəf gedirəm. Kimlərin əklil göndərdiyinə də nəzər yetirirəm. Buradakı iki çələngin  Elçibəy insitutu və “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası” tərəfindən göndərildiyini görürəm. Bir neçə dəqiqə foto çəkdikdən sonra xiyabanın qapısındakı insanlara diqqət edirəm. Kütlə bizə tərəf yaxınlaşanda gələnlərin “Azərbaycan Xalq Cəbhəsi partiyası”nın rəhbərliyi olduğunu anlayıram.  Elçibəyin məzarının başında partiyanın sədri Əli Kərimli dayanır və çıxış etməyə başlayır. Bu zaman sağ tərəfdə şam ağacının kölgəsində duran gənc yanındakı xanımlarla birgə sürətlə oradan uzaqlaşır. Gəncin üz cizgiləri isə mənə olduqca tanışdır. Aydın olur ki, o, Elçibəyin oğlu Ərturqutdur. Cəld arxasınca qaçıb danışdırmağa çalışıram. Lakin danışmaq istəmir. Bəy sayağı əlini sinəsinə qoyaraq “ Mən danışmıram” deyir.  İsrar etmirəm.

 Yenidən Bəyin məzarı başına qayıdıram. Girişdə tanış olduğum xanımla birgə kölgəlikdə dayanıram. Ə.Kərimli hələ də danışır. Bu əsnada bir bəy dillənir:

- Siz niyə Elçibəy prezident olarkən qardaşı qızının iş yerindən ixtisar olunmasına səs çıxarmadınız? Maraq doğuran bu hadisə haqda sonra elə Sələmə xanımın (Bəyin qardaşı qızı-,red) özü danışacaq.

Mən isə dayanıb yığıncağı seyr edirəm. Bir azdan onlar da gedir. Sonra digər ziyarətçilər yavaş-yavaş gəlməyə başlayırlar.  Yanımdakı xanımla və Elçibəyin qardaşının nəvəsi Aydan xanımla söhbətləşirik. Digər partiyalardan kimlərin gəldiyini soruşuram. Aydan xanım isə, hələ kimsəni görmədiyini söyləyir. Sonradan məlum olur ki, “Müsavat” Partiyasının rəhəbərliyi və üzvləri birazdan burada olacaqlar.
Hürrü bəy  sağollaşıb gedir. Az sonra Aydan xanım da xiyabanı tərk edir. Mən də tək qalıram. Dərhal özümə iki həmsöhbət tapıram. Orta yaşlı iki gülərüz xanım Bəy haqda danışırlar. Yaxınlaşıb söhbət edirəm. Öncə Elçibəyin qohumları olub-olmadığını aydınlaşdırıram.

-Siz Bəyin yaxınısınızmı?

-Ona qəlbən yaxınıq. Qan bağı ilə deyil.

-Hamımız onun qəlbən qohumuyuq(digər xanım dillənir-,red).

-Elədir. Bəs o xanım Bəyin ailəsindəndirmi?( məzarın yaxınlığında dayanan qadını göstərirəm-,red).  Sima olaraq çox bənzəyir.

-Bəli. Qardaşı qızıdır. Amma adını unutdum. Onun bir bacısı da var. İsmi Səadətdir.
-Çox sağ olun.

Dərhal həmin xanıma tərəf gedirəm. Özümü təqdim edirəm. Bu, bir az əvvəl də bəhs etdiyim Sələmə xanımdır.

Qürurla əmisindən danışır:

“Elçibəy illər öncə türk birliyindən, turandan  danışanda, ona fanatik  deyirdilər. Söyləyirdilər ki, bunları röyalarda görür. Amma indi onun əkdiyi toxumlar cücərib. Türk birliyi yaranıb. Elçibəy  türk dünyasının sərkərdəsi idi. Əmimi  1975-ci ildə  millətçilik üstə  həbs etdilər. Dedilər sən tələbələr arasında türkçülük ideyasını yayırsan. Elçibəy deyirdi, mənim də  millətimin bir dövləti olmalıdır, biz əsarətdən çıxmalıyıq. Onun ideyası demokratiya, azadlıq idi. Gənclərimizin gələcəyini xoş görmək istəyirdi. O, BMT-də öz dilində  çıxış etdi. Millətini bütün dünyaya tanıtdı. Bildirdi ki, mənim dilim türk dilidir”.

Sələmə xanım az öncə duyduğumuz məsələdən də bəhs edir:

“Mən həmkarlarda şöbə müdiri idim. O, zaman Elçibəy prezident idi. Lakin işdə kimsə bu həqiqəti bilmirdi. Yalnız mühasibimizin məlumatı var idi. İşdən çıxarılmalar oldu. Məni də işdən azad etdilər. Nəsə demədim. Həmkarlara yenidən müqraciət etdim ki, işə qaytarın. Onlar da söylədi ki, 15 gündən sonra gələrsən. Onda da dedi ki, yer yoxdur. Prezident ailəsindən olduğum halda işdən çıxarıldım. Elçibəy  heç müdaxilə etmədi. Söylədi ki, acından ölmürsünüz, qaçqınlarımız, köçkünlərimiz, evsiz-eşiksiz qalan isnanlarımız var, onlara iş versinlər, ailələrini saxlasınlar”.

 Sələmə xanım deyir ki, Elçibəy təqiblərə məruz qalanda onların da evində axtarış olub:

“Gəldilər, bizi də apardılar. On yeddi yaşımız ancaq olardı. Uşaq idik. Yenə də nəsə demədik. İndi “Elçibəy” deyənlər yaranıb, onun sözləri öz təsdiqini tapır. O, deyirdi ki, Qarabağa gedən yol cənubdan keçir. 40-45 milyon millətin qarşısında erməni, rus nə deyə bilər?  El bir olsa, qabağında kim durar?Elçibəy haqda çox deyilib, yazılıb. Təbii ki, biz onunla bağlı daha yaxşı bilirik. İndi Kələkidə tədbir keçirilir. Müxbirlər ora getsələr, çox yaxşı qarşılanarlar”.
“Hamımız bilirdik ki, bu gün siz yaxınları burada olacaqsınız. Ona görə elə Bəyin məzarı başında yığışdıq” deyirəm.
Müsahibim mehriban bir səslə cavab verir:

“Səni nəzərdə tutmuram, qızım. Sən gəncsən. Bir az getmə imkanı olan jurnalistləri deyirəm. Bilirsən, Elçibəy həmişə söyləyirdi ki, estafeti gənclərə ötürmək lazımdır”.

Sələmə xanım deyir ki, yaxın zamanda Elçibəyin bacısı dünyasını dəyişib. Onun yas mərasiminə getməlidir. Bir başqa xanımı gözləyir. O əsnada söhbətə davam edirik. Heyf, maraqlı dialoqumuzu telefona qeyd etməmişəm. Çox detallarla yaza bilmirəm.
Və həmin xanım gəlir. Özü də ağlaya-ağlaya. Məzara çatmamış göz yaşlarına boğulur. Sələmə xanım da ona tərəf gedir. Qucaqlaşıb ağlayırlar.  Həmin qadın Sələmə xanıma muraciət edərək deyir:

“Az qalıram hayqırım ki, niyə bele tez gedirdin? Ürəyim yanır”.

Mən də kövrəlirəm. Ağlamamaq üçün özümü güclə saxlayıram.

Bir cavan oğlan yaxınlaşır. Əlində Türkiyə və Azərbaycan bayrağı var. Sayğı ilə dayanır və bozqurd kimi ulamağa başlayır. Əvvəlcə qəribə görünür. Sonra onun Bəyə salam verdiyini başa düşürəm. Gözü yaşlı qadınla danışır:

-Status yazdım ki, Atatürkün bozqurdunun doğum günüdür. İnşallah Məhəmməd Əmin Rəsulzadə də bir gün öz Vətənində uyuyacaq.
Birdən hamı gedir. Yenə tənha qalıram.

“Müsavat” Partiyası gəlməlidir. Həmkarlarla onları gözləyirik. Qəfildən Fəxri Xiyabanın girişindən səslər duyulur: “Elçibəy! Elçibəy!” Budur, müsavatçılar qapıdadır. Partiyanın başqanı Arif Hacılı və lideri İsa Qəmbər ən öndə addımlayırlar.

Öncə Arif Hacılı, sonra İ.Qəmbər Elçibəyin məzarı üstə qərənfil qoyur.

A.Hacılı çıxış edir:

“Əbülfəz Elçibəyin 83 yaşı tamam olur. Bu münasibətlə hər birinizi təbrik edirəm. Bütün dünya  azərbaycanlılarının sevimli günüdür. Çünki Elçibəy yalnız Şimali Azərbaycanda yaşayan həmvətənlərimizə görə deyil,  dünya azərbaycanlıları, Güneydəki soydaşlarımız üçün də siyası lider idi. Onun öncülüyü bu gün də davam edir. O, fərd kimi dəyərləndirilmir, həm də bir simvoldur. Xalq hərakatının,  müstəqillik uğrunda mübarizənin  simvoludur.  Elçibəy Azərbaycanın ərazi bütövlüyü uğrunda çalışır, vuruşurdu. Azərbaycanda  demokratik, azad cəmiyyətin olmasını istəyirdi. Arzulayırdı ki,  cümhuriyyət dövründə olduğu kimi nümunəvi cəmiyyət yaransın.  Diləyirdi ki, bütün vətəndaşlar azərbaycanlı olduğu üçün qürur duysunlar. Nə qədər ki, Azərbaycan xalqı var olacaq, Məhəmməd Əmin Rəsulzadə ilə birgə  Elçibəyin də adı çəkiləcək. O, yalnız özü, rəhbərlik etidyi təşkilat, öz şəxsi siyasi kariyerası  üçün çalışmırdı. Millətinin və bütün türk dünyasının xoşbəxtliyi uğrunda həyatını qurban vermiş şəxsiyyət idi. Qədir bilən, Azərbaycan gələcəyini düşünənlər Ə.Elçibəy  şəxsiyyətinin böyüklüyünü həmişə dərk ediblər. Yolumuz  Rəsulzadə, Elçibəy və müsavatçılıq yoludur. Bu yolda əbədi irəliləyəcəyik”.

Onun ardınca İ.Qəmbər nitqinə başlayır:

“Əziz  bacılarım və qardaşlarım, hər zaman demişəm ki, 24 iyun Əbülfəz  bəyin doğum günü ilə, 22 avqust vəfat gününün fərqini bilməliyik. Avqustun iyirmi ikisi bütün türk dünyası üçün itki günüdür. İyunun 24-ü isə bayramdır ki, dünyaya belə bir şəxsiyyət gəlib və türk millətinin qisməti olub. İndi dərk edirik ki, Bəy çox gənc  vəfat etdi. Artıq Xalq Hərəkatından gələn insanların yaşı 60-ı keçib. O , isə cavan köçdü. Həyatını öz xalqının deyil, bütün türk dünyasının sevimlisi kimi yaşadı. Bu gün gəncləri, xanımları, ziyalıları görürəm. Xalqımızın kiçik bir hissəsi buradadır. Yəqin gün ərzində gəliblər və yenə gələcəklər. Elçibəyin məzarı  xalqımızın ən müqəddəs məkanlarından, and yerlərindən biridir. Dünya durduqca belə olacaq. Elçibəyin ruhu şad olsun. Tanrı Türkiyə -Azərbaycan birliyini var eləsin”.

“Güney Azərbaycan Demokratik Türk birliyi”nin sədri Əjdər Tağızadə də Elçibəydən bəhs etdi:

“Mən Kələki gecələrindən öncə və sonra ona yaxın olan adamlardan  biri olduğum üçün şərəf duyuram. Məhəmməd Əmin Rəsulzadə, Mustafa Kamal  Atatürk, Əbülfəz Elçibəy daim  yaşayacaq. Baxmayaraq ki, indi burada 100 nəfərik. Əziz  polislərimzi də bizi dinləyirlər, onlara da, dövlətimizə də eşq olsun. Elçibəyin ruhu hər zaman var olacaq. Onunla söhbətlərimizdə M.Ə.Rəsulzadədən danışırdıq. Bir dəfə qayıtdı ki, Əjdər, o, böyük adamdır da.  Məhəmməd Əmin Rəsulzadə çox böyük adamdır”.
Bir xanım insanların içərisində diqqətimi çəkir. Gözlərinin içi gülür. Yaşlı, mülayim qadındır. Düz yanımda dayanıb. Onunla həmsöhbət olmaq istəyirəm.

O, Həmidə Əlisoydur.

Elçibəylə bağlı bildiklərindən söz açır:

“ Bir dəfə iki qadın ad günündə poçta gedib, Bəyə, teleqram göndəriblər ki, sizi doğum gününüz münasibətilə təbrik edirik. Sonra fikirləşiblər ki, görəsən teleqram ona çatdımı? Bir başqa xanım gəlib ki, teleqram çatıb. Bu ikisi də soruşub ki, hardan bilirsən? Qayıdıb ki, Elçibəy qəzetdə ismarış göndərib: “Məni ad günümdə təbrik etməyin. Ancaq milli bayramlarda qutluyun”.

Sonra Həmidə xanım Elçibəyin şeirini səsləndirir:

- Bir işıktım, bilməm hardan ulduzlara axmışam.
Bir işıktım, bir göy qatdan, bir ağ qata axmışam.
Bilməm nəydim bir göy qatdan asimana axmışam.
İşıq olub süzə-süzə ulduzlara baxmışam”.
Doğum günün qutlu olsun, Bəy!

Hazırladı: Samirə Ərəblinski