“Komandir” romanında yaxşı filmin senarisi üçün material var


Rejissorlar qazilərin döyüş yolunu mütləq öyrənməlidirlər ki, ortaya keyfiyyətli film çıxsın

Jurnalist Aqşin Kərimov senarist, aktyor və rejissorlara çağırış edib. O, sosial şəbəkədə yazdığı statusda bir təklif irəli sürüb və əvvəllər də  bu məsələni gündəmə gətirdiyini yazıb: “Yenə həmin təklifi səsləndirirəm. Şərif Ağayarın aprel şəhidi Raquf Orucova həsr etdiyi “Komandir” əsəri əsasında çox mükəmməl film çəkmək olar. Söhbət bədii filmdən gedir. Məncə, kino üçün əla senari yazıla bilər”. 

Tanınmış yazar Şərif Ağayar “Şərq”ə açıqlamasında jurnalistin təklifini bu cür dəyərləndirib:

“Məsələ budur ki, mən və İsmayıl İman “Komandir” romanındakı bir süjeti senariləşdirmişik. Film üçün çoxlu ideyalar olsa da, hələlik real nəsə yoxdur. Təbii, başqaları da nəsə yaza bilər. Mən Aqşin bəyə təşəkkür edirəm. Onu şəxsən tanımıram, amma səmimiyyətlə yazdığına əminəm. Doğrudan da “Komandir” romanında bir yox, hətta bir neçə yaxşı filmin senarisi üçün material var. Yəqin ki, nə zamansa mütləq çəkiləcək. Ümid edirəm, bizim senarimiz də çəkiləcək. Görək”.

Kinoşünas-yazar Ceyhun Mirzəli isə ümumiyyətlə müharibədən bəhs edən filmlərdən söz açıb. Ekspert “Şərq”ə bildirib ki, 44 günlük müharibə yeni bitib, hələ bir il tamam olmayıb. Onun sözlərinə görə, istənilən hadisənin filmləşdirilməsi üçün bir müddət zaman keçməlidir:

“Müharibə mövzusunda bəzi gənclər yutubda çarxlar hazırlayır, qısa filmlər çəkirlər. Şübhəsiz, nə vaxtsa tam metrajlı filmlər də çəkiləcək. Rejissor Vaqif Mustafayevin “Fəryad 2” filmini çəkəcəyi ilə bağlı məlumat verilib. Buvaxtadək müharibə mövzusunda çəkilən filmlər içində yaxşısı, zəifi və orta səviyyədə olanı var. Yaxşı filmin alınması üçün yaxşı senari, material lazımdır. Maraqlı və baxımlı filmin çəkilişi zamanı Vətən müharibəsinin iştirakçıları, qazilərlə söhbət aparılması çox vacibdir. Rejissorlar qazilərin döyüş yolunu mütləq öyrənməlidirlər ki, ortaya keyfiyyətli film çıxsın”.

C.Mirzəli vurğulayıb ki, həqiqətən 44 günlük savaş müddətində heyrətamiz olaylar yaşanıb, qəhrəmanlıqlar göstərilib:

“Vətən müharibəsinin özü kino üçün yaxşı materialdır. Hesab edirəm ki, təkcə 44 günlük savaşın deyil, ümumilikdə Qarabağ müharibəsinin qazilərinin döyüş xatirələri dinlənməli, fikirləri nəzərə alınmalıdır. Əgər müharibədən, döyüşlərdən film çəkilirsə, real həyat materiallarına əsaslanmalıyıq. İstərdim ki, filmlərdə müəyyən qədər tarixi arxetiplər də işlənsin. Yəni qəhrəmanlıq səlnamələri hansısa obrazın, personajın dilindən səsləndirilsin”.