Diqqət! – Xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkə...” - “Tələyə” düşməyin! 

“Bir çox valideyn ucuz qiymətlərə aldanıb, övladlarını xaricdə təhsil almağa təhrik edir”

“Nəticədə valideynlərin pulu batır, bir sıra işbazlar isə bundan lazımınca yararlanırlar”

“Saxta diplomlar əsasən köçürmələrlə daha çox bağlı idi”


Ali məktəblərə qəbul nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Bu məsələdə valideynlərin son dərəcə diqqətli olması vacibdir. Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 21 mini qardaş Türkiyədə, 8 mini Ukraynada, 6 mindən çoxu Rusiya, Gürcüstan universitetlərində təhsil alır. 
Zaman-zaman müxtəlif ölkələrdə təhsil alan təlbələrimizin diplomu ölkəmizdə tanınmır. Bu, xaricdəki təhsilin bəlkə də əsas problemlərindən biridir. Səbəb isə bəzi fırıldaqçı şəbəkənin prosesdə əlinin olmasıdır.



Mövzu barədə “Sherg.az”a danışan təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirib ki, belə bir "xroniki xəstəliyi” birdən-birə aradan qaldırmaq düşündüyümüz qədər də asan məsələ deyil:

“Bu gün Azərbaycanın təhsil sahəsində çoxşaxəli islahatların aparılmasına baxmayaraq, bəzi problemlər hələ də qalmaqdadır. Hazırda təhsil sektorunda saxta və ya ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərə rast gəlmək olur ki, bunu Təhsil Nazirliyi rəsmiləri də dəfələrlə etiraf ediblər. Ümumiyyətlə, saxta diplom məsələsi bu günün problemi olmayıb, artıq neçə onilliklərdir ki, gündəmdə olan məsələdir. Hətta bununla bağlı böyük rəqəmlər göstərilirdi. Dövlət Proqramı istisna olmaqla yüzlərlə elan və reklam yolu ilə xaricə göndərişlərə nəzarət yox idi. Bir çox valideyn isə ucuz qiymətlərə aldanıb, övladlarını xaricdə təhsil almağa təhrik edirdilər.

Nəticədə valideynlərin pulu batır, bir sıra işbazlar isə bundan lazımınca yararlanırdılar. Saxta diplomlar əsasən köçürmələrlə daha çox bağlı idi. Qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan universitetlərinə attestat qiymətləri əsasında qəbul olunur. Sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa qəbul olunduqlarına ümid edirdilər. Hansısa bir xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərilib, dəqiqləşdirmə aparıldıqda məlum olurdu ki, həmin Universitetin lisenziyası belə yoxdur”.

Ekspert qeyd edib ki, bu sahədə görülən işlər sayəsində əvvəlki dövrlə müqayisədə saxta diplomla bağlı problemlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb:

“Saxta diplomların əksəriyyəti diaqnostik qiymətləndirmədə müəyyən olundu, hazırda da araşdırmalar davam etdirilir. Bir neçə ildir ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya şöbəsində diplomları bizdə tanınan 500 universitetin siyahısı hazırlanıb. Xaricdə təhsil almaq istəyən şəxslər həmin bölməyə girib baxa və hansı universitetlərin diplomlarının bizdə tanındığını öyrənə bilərlər. Amma əvvəllər belə bir şey yox idi. Küçələrdə, vitrinlərdə, mağazalarda elanlar vurulurdu. Həmin elanlara əsasən tələbələr xaricdə təhsil almağa gedir və ordan qayıdanda da ortada qalırdılar. Göründüyü kimi xarici diplomların tanınıb-tanınmaması məsələsi zaman-zaman müzakirə olunub və bu günün özündə də bu kimi hallar gündəm olaraq qalmaqda davam edir”.