Dünya ondan danışır

Ağ Evə qeyri-adi geyimdə gəldi, Bayden də məmnun oldu

Ağ Evin qonağı qeyri-adi geyimi ilə diqqətləri üzərinə çəkib. “Z” nəslinin superstarı olaraq qəbul edilən Olivia Rodrigo Ağ Evdə ABŞ Prezidenti Co Bayden və ABŞ Beynəlxalq Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, doktor Antoni Fauci ilə görüşüb. Və mətbuat katibi Jen Psaki ilə media qarşısına çıxıb. Dünya “Chanel”dən mini ətək, ona uyğun çəhrayı jilet dəsti, qara corablarla geyindiyi hündürdaban ağ ayaqqabıları və əlində tutduğu kiçicik qara redikuluyla diqqət çəkən 18 yaşlı gənc xanımın mesajlarına “qulaq kəsilib”. Olivia ABŞ-a Qərbi Kanadadan gəlib. Qısa zaman sonra Ağ Evdə brifinq otağında podiuma dəvət edilib.

Media mənsublarını gülümsəyərək salamlayan “Tik-Tok” ulduzunun Ağ Evin mesajlarını milyonlarla təqibçisiylə paylaşmaq üçün dəvət edildiyi şübhəsizdir. Mesajlarsa koronavirusa yoluxma sayında davam edən yüksəlişlə bağlıdır. Görünən budur ki, Ağ Ev yoluxma sayının artmasına qarşı, insanların karantin qaydalarına riayət etmələri üçün, xüsusən də ipə-spa yatmayan amerikan gəncliyinin, Olivia Rodrigodan istifadə etmək qərarına gəlib. Və bu məqsədlə də onu Ağ Evə dəvət ediblər.

Olivia “Tik-Tok”da 25 milyon izləyici kütləsinə malikdir. Olivia bu ilin əvvəlində çıxardığı “Sour” adlı albomuyla da böyük uğur qazanıb. “Tik-Tok” ulduzu Ağ Ev podiumunda mikrofon qarşısına keçərək peyvəndin önəmindən danışıb və “peyvəndin önəmi haqqındakı mesajların yayılmasına yardımçı olmaq üçün bu gün bura gəlməkdən şərəf və qürur duyuram.

Prezident Bayden və doktor Faucinin fəaliyyətinə heyranam. Onların fəaliyyətini dəstəkləmək üçün buradayam”, deyib. Ağ Evi tərk etdikdən az sonra Olivianın gəncləri peyvənd olunmağa səslədiyi videosu, Prezident Co Baydenlə çəkdirdiyi foto şəxsən Prezidentin instaqram hesabından yayılıb. Öz növbəsində Co Bayden də twitter hesabından popstarın ziyarətini bir daha tərifləyib, ona xoş sözlər ünvanlayıb. Və belə yazıb: Bu gün Olivid Rodriqo Bəyaz Sarayı ziyarət etdi və gənclərə açıq bir mesaj verdi: “Peyvənd olunun!”.