Gələcəyin ixtisasları ön plana çıxır

Peşəkar kadrların hazırlanması üçün görüləsi işlər var

Biz yeni nə nailiyyətlər varsa hamısını texnologiya yönümündən görürük


2021-2022-ci tədris ilindən ali təhsil müəssisələrinin tələbələri üçün müasir peşələr üzrə mütəxəssislərin hazırlanması ilə bağlı yeni layihələrin icrası planlaşdırılır. Təhsil Nazirliyindən verilən məlumata görə, dövlət-özəl tərəfdaşlığına əsaslanacaq bu layihələrin reallaşması üçün hazırda yerli və xarici şirkətlərlə əməkdaşlıq imkanları dəyərləndirilir.

Bu istiqamətdə qabaqcıl təcrübəni tətbiq edən "Code Academy" şirkəti ilə İT sahəsində müasir biliklərə malik mütəxəssislərin yetişdirilməsində əməkdaşlıq ediləcək. Qeyd edək ki, təhsilalanların müasir ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi əsas fəaliyyət istiqamətlərindən biridir.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında bildirib ki, ölkəmizdə son dövrlər informasiya texnologiyaları ilə bağlı yeni ixtisaslar yaradılır. Buna misal olaraq informasiya təhlükəsizliyini, magistr səviyyəsində kibercinayətkarlıqla mübarizəni, informasiya texnologiyalarında kompüter mühəndisliyini və s. aid edə bilərik. Düşünürəm ki, ali təhsil müəssisələrində bu ixtisasların olması gələcəkdə peşəkar kadrların hazırlanmasında müəyyən qədər inkişafa gətirib çıxaracaq:

"Çünki bilirsiniz ki, indi informasiya əsridir. Və biz yeni nə nailiyyətlər varsa hamısını texnologiya yönümündən görürük. Ona görə də bizdə də bu sahədə müvafiq olaraq kadrların hazırlanması vacibdir".

E.Əfəndi ali təhsil müəssisələri ilə yanaşı peşə təhsili müəssisələrində də artıq kadr islahatlarına başlanıldığını diqqətə çatdırıb: "Qardaş ölkə Türkiyə ilə bu istiqamətdə müvafiq razılaşmalar, anlaşmalar var.

Ordakı təhsil tədris sisteminin burada da tətbiqi, bilik və bacarıqların öyrənilməsi nəzərdə tutulur. Eyni zamanda informasiya texnologiyalı yönümlü ixtisaslar üzrə də peşə təhsili alan şəxslərə gələcəkdə subbakalavr dərəcəsinin verilməsi qərarlaşdırılıb.

Bu da gələcəkdə onların ali təhsil müəssisələrinə imtahan vermədən, yəni müsabiqədən kənar qəbul olmalarına imkan yaradacaq.

Ümumilikdə isə bütün bunlar gələcəkdə ixtisaslı kadrların formalaşmasına, bu sahədə kadr ehtiyatının mövcud olmasına gətirib çıxaracaq. Eyni zamanda yeni texnoloji nailiyyətlər sahəsində ölkəmizin də nailiyyət qazanmasına zəmin yaradacaq.

Hesab edirəm ki, bu istiqamətdə işlərin aparılması dövlət və dövlətçiliyin, eyni zamanda cəmiyyət və xalq adına mütərrəqqi bir addımdır, yanaşmadır".