Özbəkistan portalı azərbaycanlıların mart soyqırımından yazıb

Özbəkistanın “fikr.uz” portalında “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” sərlövhəli məqalə dərc olunub.

Məqalədə 1918-ci ilin mart hadisələri, erməni daşnaklarının Azərbaycanın şəhər və kəndlərinə hücumu, günahsız insanların qəddarlıqla qətlə yetirilməsindən bəhs olunur.

Bildirilir ki, Azərbaycan Nazirlər Şurası 1918-ci il iyulun 15-də mart faciəsinin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919-cu və 1920-ci illərin 31 mart tarixi Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Yazıda vurğulanır ki, XX əsrin əvvəlində əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan İrəvan şəhərində və Ermənistanın digər bölgələrində azərbaycanlılar təqiblərə məruz qalıb, qətlə yetirilib, öz yurdlarında kütləvi surətdə qovulublar.

Müəllif, həmçinin Bakı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə soydaşlarımızın kütləvi şəkildə qətlə yetirildiyini də bildirib.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc edilib.(Azərtac )