Balıqçı: “Uşaqlarıma evə əlidolu qayıdacağıma söz vermişəm”- Reportaj

Balıq tutmağı bacarmasam da, bu fəaliyyət növü həmişə mənə maraqlı gəlib. Odur ki, bir neçə günlük Qurban bayramında “Fürsət bu fürsətdir” deyib paytaxtdakı çimərliklərdən birinə getdim. Necə deyərlər, həm ziyarət, həm ticarət məqsədilə...
 Ətrafda xeyli insan var. Əlbəttə, belə də olmalıdır. Bu istinin odunda başqa hara gedə bilərlər? Kimiləri dənizdə üzür, kimiləri top oynayır, kimiləri də qumluqda gəzir, günəşlənir. Cəmi bir neçə nəfər isə bir az aralıda balıq tutur. Uzaqdan onlara baxıram. Yanlarında vedrə var. Tilovlarını suya salıb, bir-biriləri ilə söhbət edirlər. Amma dəqiq bilirəm ki, diqqətləri söhbətdə yox, daha çox dənizdədir. Tilovda azca tiyrəyiş hiss edən kimi aləti dartacaqlar. Həmin vaxtacan isə səbr edəcəklər. Dinməz-söyləməz gözləyəcəklər...

 Məşhur amerika yazıçısı Ernest Hemenqueyin “Qoca və dəniz” romanını xatırlayıram. Əsərdə Santyaqo adlı qoca balıqçı ilə balığın uzun çəkən mübarizəsindən bəhs edilir. İdeya insanın bütün mübarizələrində qalib gəlmək iqtidarına malik olmasıdır.Çimərlikdəki dənizçilər isə o qədər də yaşlı deyillər. Ən cavanının 20-25, ən yaşlısının 40 yaşı olar. Lakin balıqçı ilə balıq arasındakı mübarizə prinsipi dəyişmir.

 Qıraqdan həmin balıqçıları izləyir və fotolarını çəkirəm. Bütün diqqətləri məndə olduğuna görə bir şey hiss etmirlər. Sonra onlara yaxınlaşıram. Birinin vedrəsində bir balıq var, digərlərininki isə hələ boşdur. “İşiniz avand olsun” deyirəm. Dilucu təşəkkür edirlər. Vedrəsində balıq olan balıqçının kefi kökdür. Və bu, necə deyərlər, hər halındən, hətta tilovu suya salmağından da bəllidir. Sanki tilovla rəqs edir...Təbəssümlə soruşur:

- Hə, bacıoğlu, sən də balıqçısan?

“Yox” deyirəm. Və bu dəfə mən sual verirəm:

- Neçə ildir məşğul olursuz?

- Mən beş ilə yaxındır burda qalıram- Əli ilə arxadakı bağ evlərinə işarə edir və əlavə edir: “Elə o vaxtdan bəri də yayda hər gün balıq tutmağa gəlirəm”.

- Yorulmursuz?

Bu dəfə nisbətən gənc balıqçı söhbətə müdaxilə edir:

- Balıq tutmaqdan hamı yorular ondan başqa.
Balıqçıların üzündəki təbəssümü görüb mən də gülərək maraqlanıram:

- Niyə? Bu qədər maraqlı gələn nədir ki?

Kişi sanki icazə alırmış kimi “Bir dəqiqə” deyir və tilovu dartmağa başlayır. Ağzı tilova ilişən balıq havada çırpınır. Nə düşündüyünü təxmin etmək çətindir. Hər halda uduzduğunu, aldadıldığını anlayır. Kişi balığı yanındakı vedrəsinə tullayır. Sonra sualımı cavablayır:

- Hə, qardaşoğlu...Balıqçılıq həyəcandır...

Təəccüblənirəm. Öz- özümə “Burda həyəcanlı nə var ki?” deyə düşünürəm. Kişi sanki bunu başa düşübmüş kimi davam edir: “Hər dəfə uşaqlarıma evə əlidolu qayıdacağıma söz vermişəm. Cəmi bir dəfə sözümün üstündə dura bilməmişəm. Lakin heç vaxt vədimi yerinə yetirə biləcəyimdən əmin olmamışam. Dənizdir də...İşini bilmək olmur. Elə fələyin də işini bilmək olmur”.

 Vedrəsi hələ də boş qolan balıqçı yenə söhbətə qoşulur:

- Söz aç da macəralarından...

Həmsöhbətim replikaya reaksiya vermir. Sadəcə yadına nəsə düşübmüş kimi həvəslə danışmağa başlayır: “Bir dəfə düz altı saat dənizdə qalmalı olmuşdum. Səhər saat səkkizdən ta ki dördə kimi. Bax, balıqçılığın çətin tərəfi budur...”.

- Kişi tilova xüsusi yemlərdən sancır və “çörək ağacını” “Ya Allah” deyərək yenidən dənizə salladıqdan sonra davam edir: “Hə, balıqçılıq səbr, hövsələ tələb edir. Səbrin yoxdursa, bu iş sənlik deyil. Həm balıq da canlıdır da. Onun da şüuru var. Sadəcə sən gərək balıqdan daha ağıllı olasan və bunu göstərəsən”.

 Kişi danışdıqca yenə də Hemenqueyin məşhur əsərini xatırlayıram. Görünür, qoca Santyaqolar yenə var: bir balığı tutmaq bəzən günlərlə mübarizə aparmağa hazır olan, onunla, az qala, şahmat oynayan.

 Dəniz ləpəlidir. Balıqçıların sözlərinə görə, bu, bəzən onlara əngəl törətsə də, həm də balıqların suyun üzünə çıxmasına yardımçı olur.

 Dənizdəkilər də hərdən bir balıqçılara baxırlar. Sanki onlara azarkeşlik edirlər. Elə bu dəmdə balıqçı növbəti dəfə tilovu çəkir. Bu dəfəki balıq əvvəlkilərə nisbətən daha iridir.

 Qəfil soruşuram:

- Görünür, bu işi yaxşı bacarırsınız. Birdən tilovunuza qızıl balıq düşsə...?

Gülümsəyir. Digərlərinin maraqla cavabı gözlədikləri hiss olunur.

Kişi tilovu bir az boşaldır və “Nəyimə lazımdır qızıl balıq? Qızıl balığım olsa gərək balıqçılığı atım. Dəyməz”. Heyrətlənirəm.

 Balıqçılarla sağollaşıb ətrafda bir az gəzirəm. Göydən sanki alov yağır. Çox istidir. Görəsən, balıqçıları bu istiyə dözməyə sövq edən nədir? Yəqin, iddia, ambisiya. Yenə “Qoca və dəniz”i xatırlayıram:

“...- Sonra özündən xəbər aldı:- Qoca, səni kim yıxdı, nə yıxdı?

- Heç kim, heç nə- özü də cavab verdi,- çox uzaqlara getdim, axırı da belə getdi.

Kaş bizim balıqçılar çox uzaq eşqinə düşməsələr. Çünki uzaqlar təkcə balıqçıların yox, hər kəsin düşmənidir...