Suallar o qədər çətin olmayıb

Ən yüksək bal ibtidai sinif müəllimliyi üzrə toplanıb

Riyaziyyat fənni üzrə namizədlər iddia edirlər ki, suallar bir qədər vaxt aparan olub


Artıq bir neçə gündür ki, ölkəmizdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. Belə ki, iyulun 22-də Azərbaycan dili və ədəbiyyat, həmçinin alman dili fənni üzrə növbəti imtahanlar  təşkil olunub.
Təhsil eksperti Elşən Ramizoğlu "Şərq"ə imtahan prosesi barədə məlumat verib. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə imtahan zamanı ən yüksək ballar ibtidai sinif müəllimliyi üzrə toplanılıb: "Qeyd edim ki, bu illəri keçirilən imtahanlarda suallar bir o qədər də çətin olmayıb. Hətta bəzi namizədlər bunu özləri də təsdiqləyib.  Ancaq son imtahanlarda 60 bala demək olar ki, rast gəlinməyib".

E.Ramizoğlu vurğulayıb ki, digər fənlərdən fərqli olaraq riyaziyyat fənninin sualları vaxt aparan olub:

"Bu baxımdan həmin fənn üzrə imtahan verən namizədlər bundan narazılıq edirlər. Fikrimcə, bu, haqlı narazılıqdır. Riyaziyyat fənni üzrə namizədlər iddia edirlər ki, suallar bir qədər vaxt aparan olub.

Bu məqama da xüsusi diqqət yetirmək lazımdır. Yəni 5 rəqəminin əvəzinə 869 yazanda heç də kreaitvlik olmur. Bununla sadəcə namizəd boş yerə yorulur.

Bir faktı da qeyd edim ki, bu yaxınlarda imtahanda namizədlərdən biri sualların şəklini çəkib paylaşmışdı. Hətta rəsmi olaraq qeyd etmişdilər ki, həmin şəxsi cəza gözləyir.

Qeyd edim ki, MİQ illərdir ki, keçirilir. Ancaq çox təəssüf ki, biz hələ də MİQ suallarını müzakirə edə bilmirik. Çünki suallar ictimaiyyətdən gizli saxlanılır və  səbəb bəlli deyil. Hesab edirəm ki, MİQ suallarını paylaşan şəxsə cəza tətbiq etməkdənsə, sualların hər kəs üçün əlçatan olması təmin edilməlidir. İnanıram ki, Təhsil İnstitutu bu barədə məsələni tezliklə həll edəcək".