MEDİA “Milli Mətbuat Günü-146 il” adlı tədbir keçirib

Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib. “Sherg.az”ın məlumatına görə, tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra qalib ölkənin mediasını özündə əks etdirən “Milli Mətbuat Günü-146 il” adlı video-çarx nümayiş olunub. 

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 146 illik Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub. Ə.İsmayılov jurnalistlərdən agentliyi dəstəkləməyi xahiş edib:

“Bütün layihələrdə təkliflərə açığıq. Ali Baş Komandanın rəhbərliyi altında biz qələbəni qazandıq. Biz qələbənin carçılarıyıq. Çox xahiş edirəm, bu tempi saxlamaqda bizə kömək edəsiniz”. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında vurğulayıb ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək məqsədini qarşıya qoyub. Əflatun Amaşov bildirib ki, hər bir xalqın həyatında onun mediası böyük rol oynayır:“

“Əkinçi” qəzeti də Azərbaycan mediasının, mətbuatının əsasını qoyub. Azərbaycan mediası uzun, keşməkeşli yoldan keçib, bununla belə hər zaman xalqın yanında olub. 30 ildir ki, jurnalistlər mübarizə aparırdılar, milli- vətənpərvərlik mövzusunun işıqlandırılmasında medianın rolu danılmazdır. Eyni zamanda, Qarabağ savaşında jurnalistlərimiz qələmi silaha çevirməyi bacardılar”. 

MŞ sədri MEDİA-nın fəaliyyətindən danışıb və bildirib ki, son proseslər uğurlu nəticələrə gətirib çıxaracaq:

“Son dövrlərdə hətta jurnalist vəsiqələri məsələsi də gündəmə gəlib. Bilin ki, bu islahatlar Türkiyədə və digər ölkələrdə də tətbiq olunub. Bunun bizim ölkəmizdə də uğurla həyata keçiriləcəyinə əminəm”.

MTRŞ-nin Aparat rəhbəri Fazil Novruzov qeyd edib ki, son dövrlər media sahəsində islahatların dərinləşdirilməsi gündəmə gəlib:

“Bunun nəticəsində Medianın İnkişafı Agentliyi yaradıldı. MEDİA-nın yaradılmasından çox müddət keçməsə də, onların fəaliyyətini fədakarlıq kimi qiymətləndirirəm. Onlar bütün media nümayəndələri ilə görüşlər keçirməyə çalışırlar. Biz də MTRŞ olaraq MEDİA ilə əməkdaşlıq edirik”. 

F.Novruzov Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin də xatirəsini yad edib və qeyd edib ki, onların fəaliyyətini bu gün anmamaq mümkün deyil.

Sonra MEDİA Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə hazırladığı “Əkinçinin doğru sözü” adlı sənədli filminin treyleri nümayiş olunub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktor müavini Murad Hüseynov tədbir iştirakçılarına film haqqında məlumat verib.

Tədbirdə Media Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Mətbuat inciləri” jurnalının təqdimatını da edib. Həmçinin MEDİA tərəfindən təşkil olunan fərdi jurnalist müsabiqəsi haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb. Qeyd edək ki, müsabiqə qalibləri arasında “Şərq”in əməkdaşı Samirə Ərəblinski də var. Əməkdaşımız “ən yaxşı jurnalist araşdırması” nominasiyası üzrə təqdim etdiyi yazıya görə mükafatlandırılıb. 

“Mətbuat inciləri” jurnalına həsr olunan video-çarxın nümayişindən sonra tədbir iştirakçıları Azərbaycan mətbuat tarixinin müəyyən dövrlərini əks etdirən qəzetlərdən ibarət sərgiylə tanış olublar.