Bölgəyə sülhü böyük dövlətlər gətirəcək

Rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafına hər zaman xüsusi önəm verib

İyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya rəhbəri Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib. Liderlərin görüşü zamanı ölkələr arasında olan əməkdaşlıq məsələləri, ikitərəfli münasibətlərin inkişafı, istiqamətlər müzakirə olunub. Bununla yanaşı, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülhün əldə edilməsi istiqamətində atılmalı olan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Analitiklərə görə, prezidentlərin görüşün ictimaiyyətə açıqlanmayan hissəsində bir sıra məsələlər, xüsusilə də, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatın icrası ilə bağlı müzakirələr aparıblar. Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır:

“Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Düşünürəm ki, bizim təcrübəmizi böyüməkdə olan nəslə əməli surətdə ötürmək çox vacibdir”. 

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Rusiya ilə konstruktiv əməkdaşlıqda maraqlıdır. Deputatın sözlərinə görə, rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafına hər zaman xüsusi önəm verib:

“Hazırda Azərbaycan və Rusiya arasında qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Burada iki ölkə prezidenti arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələr xüsusi rol oynayır. Bu, eyni zamanda, iki dövlət rəhbəri arasında şəxsi münasibətlərin, Rusiya-Azərbaycan əlaqələrinin və geosiyasi reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli gəlir. Hazırda hər iki ölkə bir çox regional layihələri uğurla icra edirlər. 

İki ölkə rəhbəri arasında görüşdə bir sıra mühüm qarşılıqlı məsələlər müzakirə olundu.

Rusiya Prezidenti Azərbaycan Prezidentinə kompromisli qərarların tapılmasına görə təşəkkürünü bildirdi. Dövlət başçısı da Rusiya rəhbərinə təşəkkürünü çatdırdı. Prezident İlham Əliyev bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı olduğunu,  MDU-nun və Seçenov Universitetinin filiallarında mindən çox tələbənin təhsil aldığını, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayının 15 mindən çox olduğunu, Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil aldığını xüsusi vurğuladı. Bu, öz növbəsində Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən diqqət və qayğıdan xəbər verir”. 

C.Məmmədov bəyan edib ki, bu gün qarşıda duran əsas məsələ bölgədə sülhün və əməkdaşlığın təmin olunmasıdır:

“Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan 10 noyabr razılaşmasından 8 ay keçməsinə baxmayaraq konstruktiv mövqe nümayiş etdirmir, atəşkəsi tez-tez pozur,  mina xəritələrini bütövlükdə Azərbaycan tərəfinə təhvil vermir. Ermənistan bu təxribatlara son qoymalı, konstruktiv mövqe nümayiş etdirməlidır”.