Gənclər gücümüzə güc qatır

Yeni diaspor imici formalaşdırmaq mümkün olacaq

Vətən savaşından sonra dünyanın hər yerində diasporumuzun milli birliyinə böyük ehtiyac var


Diaspor sahəsində aparılan dövlət siyasəti, görülən işlər, əldə edilən uğurlar zəmin yaradır ki, Azərbaycan diasporu əhatə dairəsini genişləndirsin, Azərbaycan lobbisi daha da güclənsin. 50 milyondan çox azərbaycanlının 10 milyondan çoxu dünyanın 5 qitəsində məskunlaşaraq icmalarda, təşkilatlarda birləşir, dərnəklər, asossiasiyalar yaradırlar. Hazırda Azərbaycan diaspor təşkilatlarının sayı 500-dən çoxdur ki, həmin təşkilatlar ölkəmiz üçün əlamətdar və tarixi günlərin qeyd olunmasında, taleyüklü məsələlərdə mənsub olduqları xalqa dəstək olmaqdadırlar. Son dövrlərdə yaradılan Azərbaycanlıların Koordinasiya şuraları (25 ölkəni əhatə edən 11 Koordinasiya Şurası mövcuddur), Azərbaycan evləri, “Qarabağ” məktəbləri vasitəsilə diaspor işi yeni və mütəşəkkil mərhələyə qədəm qoyub. Azərbaycanlı gənclər də təşkilatlanma işinə fəallıqla qoşulur, gənclərdən ibarət birliklər yaradır, təhsil aldıqları universitetlərin nəzdində cəmiyyətlər təsis edirlər.

Bu təşkilatlara Rusiya Azərbaycanlı Gənclər Birliyini (“AMOR”), Koreyada fəaliyyət göstərən “Buta” Gənclər Birliyini, Norveç Azərbaycanlı Gənclər Təşkilatını (NAYO), Azərbaycan-İtaliya Gənclər Asossiasiyasını, Avstriya Azərbaycanlıları Akademik Birliyini, Türkiyədə fəaliyyət göstərən AGAH-ı (Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi) və digər çoxlu sayda gənclər təşkilatlarını aid etmək olar. Vətəndən kənarda yaşayan soydaşlarımıza diqqətin göstərilməsi dövlət üçün hər zaman prioritetdir. Əlbəttə ki, əsas məqsəd xaricdəki soydaşlarımızın Vətənlə əlaqələrinin daima qırılmaz tellərlə bağlanmasıdır. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində dəyişikliklər edildikdən sonra diaspor fəaliyyəti ilə bağlı bir sıra təqdirəlayiq addımlar atılıb. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2018-ci ilin iyul ayında Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb, publik hüquqi şəxs statuslu Azərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsi təsdiq edilib. Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb. Fondun yaradılması diaspor fəaliyyətinə yeni maliyyə imkanları gətirəcək, lobbiçilik quruculuğunda səmərəli nəticələrin əldə olunmasına şərait formalaşdıracaq. Ümumiyyətlə, bu fondun yaradılması diasporun inkişafına böyük təkan verəcək. Şübhəsiz, bundan sonra diasporda əhəmiyyətli şəkildə keyfiyyət dəyişkənliyi özünü büruzə verəcək. Diaspora bu münasibətin dəyişməsi, ayrıca diasporlararası münasibətlərə də effektiv təsir göstərəcək. Ümumi olaraq diaspor təşkilatlarına fond tərəfindən dəstəyin göstərilməsi diaspor hərəkatını yeni müstəviyə çıxaracaq. 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Şərq”ə açıqlamasında bildirib ki, xaricdəki ictimai fəal gənclər gələcəyin diaspor liderləridir. Onun sözlərinə görə, gənclərimiz kifayət qədər təşkilatlanıblar və ölkəmizin aktiv təbliğatını aparırlar:

“Xaricdə yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirən “Azərbaycan Diaspor Gəncləri” təşkilatı artıq fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, o cümlədən yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir. Ümumiyyətlə, xaricdəki gənclərimizin aktivliyi diasporun gücünə güc qatır. Belə gənclərimizlə yeni diaspor imici formalaşdırmaq mümkün olacaq. Diaspor Gənclərinin I Yay Düşərgəsi, bu baxımdan, əhəmiyyət kəsb edir. Bu tədbir xaricdəki gəncləri motivə edib Azərbaycan adına birləşdirmək baxımından da önəmlidir. Yay Düşərgəsi yeni sima və ideyaların ortaya çıxmasında əhəmiyyətli rol oynayıb. Gənclərin aktivliyi yeni nəsil diasporun formalaşması deməkdir. Bu həm də diaspordakı təbii yenilənmə prosesi deməkdir. Bugünkü ictimai fəal gənclər gələcəyin diaspor liderləridir. Bu gəncləri düzgün yönləndirmək lazımdır ki, gələcəkdə diaspor olaraq onlardan müsbət nəticə gözləyək. Xaricdəki aktiv gənclər çox böyük potensial gücə malikdirlər. Bu baxımdan, xaricdəki gənclər informasiya müharibəsinə öz töhfələrini verə bilərlər. Fikrimizcə, xaricdəki gənclərdən ibarət ölkə və ya regionlar üzrə könüllü qrupların yaradılması ilə informasiya müharibəsində daha effektli nəticələrə nail olmaq mümkündür”.
Birlik rəhbəri qeyd edib ki, diaspor sahəsində aparılan islahatlar öz müsbət nəticəsini verir: “Bu gün diasporun inkişafı və strateji hədəflərinə çatması üçün yeni taktiki yollardan istifadə olunmalıdır.

Bununla yanaşı, diasporun özünə münasibət dəyişməlidir. Hazırda diaspor sahəsində aparılan islahatlar və qarşıya qoyulan vəzifələrin icrası üçün atılan addımlar artıq öz müsbət nəticəsini verir. Ən vacib məqam kimi isə xaricdəki soydaşlarımızın təşkilatlanması və həmrəyliyinin güclənməsi xüsusi qeyd olunmalıdır. Son zamanlar Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, ABŞ-da Koordinasiya Şuralarının yaradılması birlik və həmrəyliyin nümunəsidir. Belə şuralar perspektiv layihələri həyata keçirərkən xaricdəki soydaşlarımızın fəallıq nümayiş etdirməsində kömək olacaq. Barışıq, birlik, həmrəylik üçün atılan istənilən addım hər soydaşımız tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.

Dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi Ulu Öndər Heydər Əliyev tərəfindən diasporun qarşısında qoyulan əsas vəzifədir. Ulu Öndər Heydər Əliyev hansı ölkəyə gedirdisə, diasporumuzla görüşəndə bu məsələni soydaşlarımıza xatırladırdı. Milli diasporun yaşadıqları ölkələrdə birləşməsi, eləcə də bu istiqamətdə işlər görməsi vacib amildir. Xüsusən 44 günlük Vətən savaşından sonra dünyanın hər yerində diasporumuzun milli birliyinə böyük ehtiyac var.

Bu sahədə diasporun çalışmalarını davam etdirməsi vacib amildir. Bütün hallarda həmrəylik sonda diasporun güc mərkəzinə çevrilməsinə xidmət edir. Diasporumuz nə qədər bir olarsa, çəkici də bir nöqtəyə vura bilər. Məhz bu zaman hər hansı işin effektiv nəticəsi olar”.