Xəzər faciəsi...

Dərinə getməyin, cənablar!

Üzə bilməyən adam çiynindən yuxarı suya girməməlidir


Həmin il ölkə əhalisi ondan danışırdı – dənizdə batmaq üzrə olan qızları ölümün pəncəsindən almış yeniyetmədən -  Tofiq Hüseynov.  Bu ad və soyad ötən əsrin 50-60-cı illərinin insanlarına tanışdır. Müasir Azərbaycan insanı bəlkə heç eşitməyib də onun haqqında. Kimisə xilas etmək xeyirxah əməl kimi qiymətləndirilir. Tofiq Hüseynovun etdiyi isə sadəcə xeyirxah əməl deyildi. 3 qızı xilas edən yeniyetmə özü dənizin qurbanı olmuşdu. Mən də bu barədə valideynlərimdən eşitmişəm. Deyirdilər ki, “uşaq” (Tofiq məktəbli idi), özünü atıb dənizə, uşaqları xilas etməyə başlayıb, bir-bir çıxarırmış qızları sahilə. Ağlamaq, qışqırıq səsi gələndə, elə bilib ki, dalğaların qoynunda yenə kimsə var, 3 nəfəri xilas etmiş məktəbli təbii ki, yorulmuş halda, təkrar cumub dənizə. Bu dəfə dəniz ona aman verməyib, daha... “Şikar”ını əlindən alanı özünə qurban seçib...

Bu faciəli hadisə 1958-ci ilin bir yay günündə baş verib. Abşeron çimərliyində. Faciənin üzərindən 16 il keçəndən sonra yeniyetmənin qəhrəmanlığı və faciəli həyatı kinolentinə köçürülüb. Rejissor Eldar Quliyev 1974-cü ildə şair-dramaturq Alla Axundova və Hüseyn Seyidzadənin (görkəmli Azərbaycan kinorejissoru) senarisi əsasında “Var olun, qızlar” filmini çəkir. Filmin taleyi də parlaq hesab edilə bilməz. Əslində, filmi Hüseyn Seyidzadə çəkməliymiş. Başqa bir yazıçı senarinin ona məxsus olduğunu deyir, filmin çəkilişləri dayandırılır. A.Axundova və H.Seyidzadə, nəhayət, senarinin onlara məxsusluğunu təsdiqlədə bilir, lakin rejissor işi Eldar Quliyevə həvalə edilir. Yəni filmin taleyində də qırıqlıq, bədxahlıq var. Eynən Tofiq Hüseynovun həyatı kimi. Film bir yeniyetmənin cəsurluğu, insan həyatını xilas etmək üçün öz həyatından keçmiş bir insana həsr edilməsinə baxmayaraq bu gün də efirdə çox nadir hallarda nümayiş etdirilir. Halbuki günümüzdə insanlıq nümunələrinə hədsiz ehtiyac duyulur. Oxucunu yorduq, bəlkə də. Niyə bu filmdən danışırıq, çoxunuz təxmin etdiniz, yəqin. Dənizdə batmaq hadisələri çoxalıb, son günlər. Ölənlər də var, xilas olunanlar da. 
Pandemiya, üstəgəl dənizdə boğulma – faciənin miqyası böyüyür  

Karantin qaydalarının yumşalması ilə dəniz sahili doldu-daşdı. Ötən il dəniz havasına tamarzı qalmış əhali, baxmayaraq ki, çimərlik portalı fəaliyyət göstərirdi, SMS icazələr, əvvəlcədən məkan müəyyənləşdirmə, vaxt darlığı insanlara çimərliyin ləzzətini doya-doya yaşamağa imkan vermirdi. Bu il isə fərqli oldu. Karantin qaydalarında tətbiq edilən yumşalmalar əhalinin çimərliklərdən istədiyi kimi istifadə etməsinə imkan yaradır. Karantin qaydalarından qüvvədə olanları var hələ. Amma kimdi daha qaydalara məhəl qoyan?!

Çimərlikdə sosial məsafə saxlamaq tələbi də insanlara gülünc görünür. İnsanlar dənizə can atır. Baxmayaraq ki, ictimai çimərlik problemi hələ də var, əhalinin aztəminatlı qismi ödənişli çimərliklərdən istifadə edə bilmir. Lap elə ödənişsiz çimərliklərdə də 1 günlük istirahət bəlli məbləğə başa gəlir. Bununla belə, insanlar günəş-dəniz-qumlu sahildən vaz keçmir. Nə deyirik, keçməsinlər, lakin həyatlarından da vaz keçməsinlər. Dənizə can atarkən, canlarını heçə saymasınlar. Çimərlik mövsümü açılandan demək olar hər gün dənizdə boğulmalar, ölüm hallarının statistikası açıqlanır. Fövqəladə Hallar Nazirliyi dənizdə boğulma təhlükəsi ilə üzləşənlərin xilas edilməsi, bəzən də təəssüf ki, dənizdə bataraq həyatlarını itirənlər barədə məlumatlar verir. Çimərliklərdə FHN-in xilasediciləri var və onlar üzərlərinə düşən vəzifəni yerinə yetirirlər. Lakin faciəli hadisələr yenə baş verir. Əksər hallarda da qeyri-çimərlik ərazilərdə. FHN çimərlik mövsümü elan ediləndən əhaliyə müraciət ünvanlayır ki, qadağan olunmuş ərazilərdə çimməsinlər, göstərilən xətdən kənara çıxıb üzgüçülük “məharətlərini” nümayiş etdirməsinlər, çimərlik ərazisində vacib qaydalara riayət etsinlər. Nə fayda?! Bəziləri qaydaları pozur, nəticə də faciəli olur. Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin yaydığı daha bir xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları qəza-xilasetmə əməliyyatları həyata keçirib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 5-i azyaşlı olmaqla 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin, Novxanı kəndində dənizdə qeyri-çimərlik ərazidə batan 2000-ci il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində suda batan 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti xilasetmə qüvvələri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Belə. İnsanlar qaydaları pozmağa niyə bu qədər meyillidir? 
“Gərək yaxanı ələ verməyəsən”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  təcrübəli üzgüçü kimi batmaq və boğulmaq təhlükələri ilə üzləşdikdə insanın necə davranmalı olduğu barədə “Şərq”ə danışdı: 

- Mən Şimal Buzlu okeanı xaric, dünyanın bütün dəniz və okeanlarında üzmüşəm. Təcrübə qazanmışam. Üzməyi sevirəm. Xüsusilə də açıq dənizlərdə. Dəniz ona görə təhlükəli hesab edilir ki, burada ən mahir üzgüçü də bata bilir. Mən bunun şahidi olmuşam. Özünə, gücünə güvənən mahir üzgüçü bir dalğanın hərəkətindən müvazinətini itirib və həyatını da itirib. Dəniz, okean elə bir ümmandır ki, onun daxilində, dərinliyində nələr var, tam olaraq heç kəsin xəbəri yoxdur. Dəniz və okeanlarla bağlı aparılan araşdırmalar yalnız cüzi bir hissəni təşkil edir. Ona görə də insan özünə arxayın olmamalıdır. Mən özüm illər əvvəl batmaq təhlükəsi ilə üz-üzə qalmışam. Bakıya qayıdırdım, Qaradağ tərəfdə dənizə baş vurmaq keçdi könlümdən. Hava artıq qaralmaq üzrə idi. Dənizə atıldım, bir dalğa başımın üzərindən keçdi, başımı sudan çıxaranda sahili itirdiyimi fərq etdim. İnsan belə halda həyəcan keçirir, batmaq qorxusu bürüyür adamı. Özünü əlacsız, kimsəsiz, nəhəng dalğaların əhatəsində köməksiz hiss edirsən. Köməyimə çatan yolda hərəkət edən avtomobillərin işıqları oldu. Başa düşdüm ki, sahil işıq gələn səmtdədi. Üzüb sahilə çıxdım. İki nəfəri də xilas etmişəm. Hadisənin biri 1997-ci il martın 9-da olub. Dənizkənarı parkda gənc bir qızın özünü dənizə atdığını görmüşəm, ardınca suya tullanıb onu xilas etmişəm. Qızın əl çantasından tələbə bileti çıxmışdı, bilindi ki, tələbədir. 

Batan insanı xilas etmək üçün necə davranmaq lazımdır? 

E.Hüseynov qeyd etdi ki, hər adam batan insana yaxınlaşmağa cürət etmir. Belə inanc var ki, batan adam ona köməyə gələn adamı da dərinə çəkir. Bu, müəyyən mənada həqiqətdir: 

- Bilirsiz, batmaq təhülkəsi ilə üzləşən insan yapışmağa bir tutacaq gəzir. Ona yaxınlaşan adamı görəndə ölüm təhlükəsi ilə ondan yapışır, əlindən, qolundan, hardan gəldi, istəyir ona tutub suyun üzərinə çıxsın, qorxu hissi altında kobud hərəkətlər edir, çırpınır, dartınır, əlbəttə ki, onu xilas etməyə gəlmiş adamı da yorur. Hətta onu batıra da bilir. Batmaqda olan insan ona köməyə gəlmiş adamın çiyinlərindən basaraq suyun üzərinə çıxmağa çalışır. Belə halda köməyə gələn özü bata bilər. Odur ki, xilasedicilər təlim görmüş olmalıdırlar. Adi insanlara isə məsləhətim budur ki, əgər kiməsə kömək etmək istəyirsinizsə, çalışın, əlinizdən, qolunuzdan yapışmasınlar, əl-qolunuzu boş, sərbəst saxlamağa çalışın, çünki sahilə tərəf üzməlisiniz və təhlükədə olan adamı da özünüzlə daşımalısınız. Ən yaxşısı, batan insana tərəf nəsə uzatmaqdı, məsələn, əyninizdəki geyimi çıxarıb ona tərəf uzadın, qoy ondan yapışsın. Ya da adamın saçlarından tutun, çəkin. Ayağından da tutub özünüzə tərəf çəkə bilərsiniz. Amma çalışın “yaxanızı ələ verməyəsiniz”. 

E.Hüseynov Xəzər çimərliklərində üzənlərə xəbərdarlıq etdi: 

- Dəniz havası, günəş əlbəttə, pandemiya dövründə vacibdir. İnsanlar immunitetlərini gücləndirməlidirlər. Günəş şüası - Vitamin D immuncügləndirici əsas elementdir. Lakin dənizə gedənlər ehtiyatı da əldən verməməlidir. Xəzərin dibi cürbəcür metal tullantıları ilə doludur. İnsanın bədənin kəsib keçər. Bir çox yerlədə dənizin səthi çaala-çuxurdu. Vətəndaşlara məsləhətim budur ki, icazə verilən ərazilərdə çimin. Qeyri-çimərlik ərazilərdə çimmək təhlükəlidir. Nəzarət olunan, xilasedicilərin fəaliyyət gpöstərdiyi çimərliklərdən istifadə etmək lazımdır. Boğulmaq təhlükəsi ilə üzləşən insan qışqırıb köməyə çağırmaqdan çəkinməməlidir. Qışqırsa, bağırsa, səsi mütləq eşidiləcək və kimsə köməyinə çatacaq.  Ən əsası isə, üzə bilməyən adam çiynindən yuxarı suya girməməlidir. Su döş qəfəsinədək qalxdı, yetərlidir. Bəzən insanlar dənizə aludə olub, dərinə gedir. “Ayılan”da görür ki, su boğazına çatıb və panikaya düşür. Bu da təhlükənin miqyasını böyüdür.