Bayram sonrası dəmirçilərin işi başladı

Kəllə-paça ütürlər 

Qurban bayramı sonrası dəmirçilərin işi artıb. Qurbanlıq kəsənlər heyvanların başını, qol-ayaqlarını ütülmək üçün dəmirçilərə daşıyır. Hatayda dəmirçi dükanlarında uzun növbələr yaranıb. Dəmirçilərsə baş-ayaq ütməyin dəmir döyməkdən çətin olduğunu deyir və bu zor işin qarşılığında vətəndaşdan 30 lirə aldıqlarını bildirirlər. Dəmirçilər il ərzində dəmir işləri görmək üçün kürədikləri alovu bu dəfə kəllə-paça üçün hazır saxlayır. Antakya Dəmirçilər Odası başkan vəkili Davut Karakaş AA-ya açıqlamasında bildirib ki, bayram günlərində dəmirçilər kəllə-paça ütməklə pul qazanırlar. “Şərq” bu barədə “Milliyet.com”a istinadən xəbər verir.

Dəmirçilər deyir ki, bayramda ütülmüş kəllə-paçadan yemək hazırlamaq ənənədir. Dəmirçilər də bunun sayəsində ikiqat bayram yaşayır. Qurbanlıqların baş-ayağını ütüb pul qazanırlar. Usta Necdet Dəmirəl deyir ki, pul qazanmaq üçün bu günü gözləyirlər: “Qurban bayramı bizim üçün 2 qat bayramdır. Həm qurbanlıqlar kəsilir, fağır-füqəraya paylanır, həm də biz kəllə-paça ütməklə əlavə pul qazanırıq. İsti yay günündə odun qarşısında dayanmaq çox zordur. Amma bu işi hər kəs bacarmır. Evlərdə bunu etmək demək olar, mümkünsüz. Vətəndaşlar kəllə-paçaları bizə gətirir, biz də gur yanan ocaqda, dəmir əridib döydüyümüz ocaqda kəllə-paça ütürük. Bu iş dəmir döyməkdən çox çətindi”.