Mühüm məqam:“Laçın dəhlizində xidmət aparmalıyıq və...”

Prezident İlham Əliyev dünən AzTV-yə müsahibəsində Azərbaycan dövlətinin Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi ərazilərdə bütün prosesləri diqqətlə izlədiyini bəyan edib. Bu, Ermənistana, onun havadarlarına, zamanla Qarabağda hansısa status barədə danışanlara ciddi mesajdır. Azərbaycan Vətən müharibəsindən sonra ordusunu daha da gücləndirir, ən müasir silah və texnologiyaların ölkəyə tədarükü prosesi davam etdirilir. İndi İlham Əliyev açıq şəkildə bəyan edir ki, istər Xankəndidəki, istər Xocavənddəki, istər Xocalıdakı – sülhməramlıların nəzarət zonasında olan ərazilərdəki proseslər Bakı tərəfindən izlənilir – həm diplomatik olaraq, həm də praktiki müşahidə altındadır.

 Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az” a açıqlamasında prezidentin bəyanatını belə şərh etdi:

“Adətən oxşar vəziyyətlərdə sülhməramlıların vəzifələri konkret sənədlərlə tənzimlənir. İndiki halda isə elə bir mandat yoxdur. Davranış qaydaları sadəcə ümumi şəkildə müəyyənləşib və bu, bəzi görüşlərdə müzakirə edilir. Açıqlamanın dövlət başçısı ilə rusiyalı həmkarı arasındakı görüşdən sonra səsləndirilməsi xüsusi nəzərə alınmalıdır. Bu, xəbərdarlıqdır. Biz təşəbbüskarın kim olmasından asılı olmayaraq Qarabağda maraqlarımıza ziddi hansısa addımın atılmasına icazə verməyəcəyik”.

T. Zülfaqarov, həmçinin başqa bir mühüm məqama da toxundu:

“Fikrimcə, Laçın dəhlizində xidmət aparılmalıdır və vətəndaşlığımızı qəbul edən ermənilər üçün yol açılmalıdır. Kim vətəndaşlığımızı qəbul etmək istəyəcəksə, torpaqlarımızda yaşayacaq. Digərləri isə ərazilərimizi tərk edəcək. Beləliklə, prezident həm Rusiyadakı ermənipərəst siyasətçilərə, həm də ermənilərə mesaj vermiş oldu”.