Prezidentin regionlara səfəri:“Yerlərdə işlərlə birbaşa tanış olur”  

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin qərb bölgələrimizdən- Daşkəsən, Naftalan və Goranboya səfəri baş tutub. Ölkə başçısı səfər zamanı bir neçə obyektin açılışında iştirak edib.
Prezident Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.
Goranboyda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışı olub. Ölkə başçısı həmçinin Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Cənab Prezident eyni zamanda Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçasının aççılışında olub.
Məlumdur ki, ölkə başçısının regionlarımıza səfərləri müntəzəm olaraq həyata keçirilir. Prezident  “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları”nın icrası ilə bağlı verilən tapşırıqlara şəxsən özü nəzarət edir.

Məlum səfəri “Sherg.az”a şərh edən Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı vurğulayıb ki, Prezidentimiz regionlara səfəri kifayət qədər müsbət məqamdır:

“Bu ənənə Ümummilli Lider Heydər Əliyevdə də var idi. Məlumdur ki, ölkə başçısının getdiyi yerlərdə abadlıq işləri daha sürətlə həyata keçir, problemlər daha tez həll olunur. Bütün bunlar yaxşı haldır. Amma çox yaxşı olardı ki, icra başçıları Prezidentin səfərin edib-etməməyindən asılı olmayaraq, hər zaman öz işlərinin öhdəsindən layiqincə gəlsinlər. Məsələn, Daşkəsəndəki abadlıq işləri göz önündə idi və müsbət dəyərləndirilməlidir. Lakin çox vacibdir ki, ölkə başçısı həmin ərazilərə baş çəkməsə də, bütün işlər qaydasında olsun. Regionlardakı icra başçıları da öz işlərinin öhdəsindən layiqincə gəlməlidirlər. Düşünürəm ki, Prezidentin səfəri əsasında işlərin yüksək səviyyədə görülməsi o deməkdir ki, icra başçıları sanki özlərini müsbət təqdim etmək istəyirlər. Amma ölkə başçısı da icra başçılarının iş mexanizmini çox yaxşı bilir. Azərbaycan elə də böyük ərazi və ölkə deyil. Prezident icra başçılarına çox arxayın olmadığı üçün özü gedib yerlərdə işlərlə birbaşa tanış olur. Düşünürəm ki, regionlarımıza belə səfərlərin çox olması icra başçılarının işə məsuliyyətlə yanaşmasına müsbət təsir göstərir”.