“Mətbuatda “ələnmə” prosesi gedəcək”

“Vahid jurnalist vəsiqəsinə sahib olanların etibarı daha çox olacaq, akkreditasiyadan  daha tez keçə biləcəklər”

““Reket” və “jurnalistika” ifadələri yanaşı işlənməməlidir. Bunun bir adı  var- dələduzluq”


“Ltv 7” xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. İstintaq zamanı müəyyən edilib ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 13.02.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb ediblər.

Eyni zamanda, “Ltv 7” internet kanalının direktoru Ceyhun Şəmilovun kanalın direktor müavini Gülmirə Rəcəbova, müxbirləri Sevil Mərəndski, Gülnarə Məmmədova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə ayrı-ayrı şəxslər barədə əvvəlcə ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumat toplayıb, ictimaiyyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib. Qeyd edilən əməllərə görə Fazil Quliyev, Vüsal Zeynalov, Ceyhun Şəmilov, Gülmirə Rəcəbova, Sevil Mərəndski və Gülnarə Məmmədova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

 Təəssüf ki, oxşar hallara son vaxtlar çox rast gəlinir. “Sherg.az” olaraq bu barədə APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı ilə söhbətləşdik:

- Belə sui-istifadə hallarına qarşı necə mübarizə aparmalıyıq?

- Bu, medianın yox, hüquq-mühafizə orqanlarının işidir. Müəllimlik, həkimlik peşələrindən sui-istifadə edənlərlə bağlı hüquq-mühafizə orqanları lazımi tədbirləri gördükləri kimi, yalançı jurnalistlərə qarşı da mübarizə belə aparılmalıdır.

- Elə isə medianın üzərinə düşən nədir?

-Həmin reketlər məsuliyyətə cəlb ediləndə bəzi qüvvələr “Azərbaycanda jurnalistlər həbs olunur” nidaları ilə hay-küy salırlar. Biz məhz buna icazə verməməliyik Məsələyə ciddi reaksiya göstərməliyik.

- Vahid jurnalist vəsiqələrinin istifadəyə verilməsi nə qədər effektli ola bilər?

- Əlbəttə, lazımi nəticə əldə olunacaq. Vahid vəsiqə, vahid reyestr media icmasının yaranmasına səbəb olacaq. Həmçinin vahid jurnalist vəsiqəsinə sahib olanlar üçün müəyyən güzəştlər tətbiq ediləcək.

- Nə kimi güzəştlər?

- Məsələ ondan ibarətdir ki, MEDİA-nın təqdim etdiyi vəsiqələr yeganə vəsiqə olmayacaq. Eyni zamanda ayrı-ayrı redaksiyaların fərdi vəsiqələri də qüvvədə qalacaq. Sadəcə vahid jurnalist vəsiqəsinə sahib olanların etibarı daha çox olacaq, daha tez akkreditasiyadan keçə biləcəklər və s.  Beləliklə, “ələnmə” prosesi gedəcək.

- Ümumiyyətlə, “reket jurnalistika” anlayışına münasibətiniz necədir?

- Bu, doğru ifadə deyil. “Reket” və “jurnalistika” ifadələri yanaşı işlənməməlidir. Bunun bir adı  var- dələduzluq. Və dələduzluq hüquqi məsuliyyət deməkdir.