Yazıçıdan SOS siqnalı:“...Küçəyə uşaq atmağı adi hala çeviriblər”

“Baş verənlər cahillik və maddi çətinlikdən irəli gəlir. Bu durum olduqca təhlükəlidir”

Azərbaycanda daha bir körpə küçəyə atılıb. Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O bildirib ki, körpə Ağcabədidə küçəyə atılıb. Yeni doğulmuş körpə oğlandır. Onun çəkisi iki kiloqram, boyu isə 48 santimetrdir. 
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilən açıqlamada bildirilib ki, körpənin vəziyyəti yaxşıdır:
“Yenidoğulmuş uşaq oğlandır. Göbəyi bağlanmamış vəziyyətdə olub. Uşaq təcili yardım maşını ilə gətirilərək xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafidir. Göbəyi bağlanıb”.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda “Yaşıldərə” yaşayış massivində zibil qutusunda və Ucarda isə köhnə tikilidə yeni doğulmuş uşaq tapılmışdı. Yəni 1 ayda 3-cü dəfədir ki, eyni hadisə ilə qarşılaşırıq. Sanki bu hal adiləşib.

Hadisə barədə “Sherg.az”a açıqlama verən yazıçı-jurnalist Türkan Turan bu günə qədər küçəyə atılan körpələrin normal nikahdan dünyaya gəlməsi ilə rastlaşmadığını söyləyib:

“Belə körpələrin hamısı qeyri-rəsmi münasibətlərdən doğulan və atılan uşaqlardır. Baş verənlərin kökündə cahillik dayanır. Çünki ağıllarına abort gəlmir, yaxud abortu düşünərkən iş-işdən keçmiş olur, ya da imkansızlıqdan bunu edə bilmirlər. Heç bir zəngin insan körpəni küçəyə atmır. Belə uşağı dünyaya gətirənlərin hamısı kafelərdə işləyən, ya da işləməyən, ümumiyyətlə hərf tanımayan və kasıb qəbildən olurlar. Baş verənlər cahillik və maddi çətinlikdən irəli gəlir. Bu durum olduqca təhlükəlidir. Vəziyyət o yerə çatıb ki, insanlar küçəyə uşaq atmağı adi bir hala çevirib. Hətta küçədə it-pişik öz balasına bir yerə qədər sahib çıxır, onları əmizdirir, ətrafdakılardan qoruyur. Bu isə o deməkdir ki, insan heyvandan daha təhlükəli hala gəlib”.

T.Turanın sözlərinə görə, insanların ruh aləmi, daxili o qədər deformasiyaya uğrayıb ki, dünyaya gətirdikləri uşağı küçəyə atırlar:

“Düşünmürlər ki, it-pişik gəlib həmin körpəni parçalaya bilər. Bu addımı atan necə insan olmalıdır ki, belə hərəkətə yol vesin. Mövcud durum cəmiyyətimizdə çox pis siqnallardan, insanlarımızın nə dərəcədə təhlükəli olmasından xəbər verir. Çox lazımsız hadisələri qınaq obyektinə çevirirlər, amma belə ciddi məsələnin üstündə durmurlar”.