Moskva təklənib! – "Kreml dominantlığını itirib"

“Gürcüstanın vasitəçiyə çevrilməsi Moskvanın təklənməsinə səbəb olur”

“Bu isə o deməkdir ki, şimal qonşumuz güzəştə getməyə məcbur qalacaq”

“Nəzərə almaq lazımdır ki, 2024-cü ildə Rusiyada prezident seçkiləri keçiriləcək. Putin regionda sabitliyin təminatçısı kimi seçkilərə getməkdə maraqlıdır”   


“Zəngəzur dəhlizi gec-tez mütləq açılacaq. Buna şübhəm yoxdur”.
Bu sözləri Zəngəzur dəhlizinin taleyi barədə “Sherg.az”a danışan AY partiya sədri Anar Əsədli deyib.
O, inamının səbəblərini izah etdi: 

“Həm Qərb, həm də Rusiya regionda sabitlik və inteqrasiyada maraqlı olduğunu bildirib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel səfəri zamanı dedi ki, sabit və çiçəklənən Cənubi Qafqaz Avropa İttifaqını marağındadır.

Həmçinin Mişel kommunikasiya xətlərinin açılmasına töhfə verməyə hazır olduğunu bildirdi, status məsələsini dilə gətirmədi. İlham Əliyevlə Vladimir Putin arasında Moskvada keçirilən görüşdə Kreml sahibi sülh üçün çalışacağını vurğuladı.

Eyni zamanda Avropa İttifqının Ermənistana yardım ayırması, Putinin Paşinyan hökumətinin formalaşması ilə bağlı narazılığı, Gürcüstanın vasitəçiyə çevrilməsi Moskvanın təklənməsinə səbəb olur. Bu isə o deməkdir ki, şimal qonşumuz güzəştə getməyə məcbur qalacaq. Ümumiyyətlə, Rusiya əvvəlkitək güclü deyil. Kreml indi regiondakı dominant mövqe uğrunda yox, sadəcə mövcudluğunu qorumaq naminə mübarizə aparır. Nəzərə almaq lazımdır ki, 2024-cü ildə Rusiyada prezident seçkiləri keçiriləcək. Putin regionda sabitliyin təminatçısı kimi seçkilərə getməkdə maraqlıdır”.