Yaşı 12-dən yuxarı olanlara “Moderna” vaksini vurula bilər

Avropa İttifaqının dərman tənzimləyicisi olan Avropa Dərman Agentliyi (EMA) 12-17 yaşlı şəxslər üçün koronavirusa qarşı “Moderna” vaksinindən istifadəyə icazə verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə agentliyin bəyanatında deyilir.

“Daxil olmuş məlumatların qiymətləndirilməsindən sonra EMA 12-17 yaşlılar üçün “Moderna” vaksininin tətbiqini tövsiyə edə bilər... Yaşı 12-dən yuxarı olanlara vaksinin vurulması digər yaş kateqoriyaları ilə eyni qaydada həyata keçiriləcək: vaksin çiyin əzələsinə 4 həftəlik fasilə ilə 2 dozada vurulacaq”, - məlumatda qeyd olunub.

Son vaxtlaradək Aİ ərazisində “Moderna”nın 18 yaşdan yuxarı şəxslərə vurulmasına icazə verilirdi. Hazırda Aİ-də yaşı 12-dən yuxarı olanlara “Pfizer/BioNTech” şirkətinin vaksini vurulur.