Gözətçi qadını qətlə yetirən polis həbs edilib

Xəbər verildiyi kimi, iyulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq hərəkətləri və keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, 1995-ci il təvəllüdlü Sabirabad Mühafizə Şöbəsinin polis nəfəri Əliağa Sultanov 21 iyul 2021-ci il tarixdə saat 21 radələrində Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində sonuncunun məskunlaşdığı otaqda şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı ona kəsici-deşici və küt alətlərlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürmüşdür.

Əliağa Sultanov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam edir.